27-02-2023 | 14:05 753
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdiyi dəhşətli soyqırımından 31 il ötür.
Faciənin ildönümü ilə bağlı Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. Nazirlikdə və struktur qurumlarda anım mərasimləri keçirilərək erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik təmizləmə siyasətindən, o cümlədən Xocalı soyqırımının ağır nəticələrindən bəhs olunub.
Erməni işğalçı qüvvələrinin Xocalıda törətdikləri kütləvi qırğının sülh və insanlıq əleyhinə yönələn əməl olduğu və ən ağır beynəlxalq cinayət sayıldığı qeyd edilib, soyqırımı aktına ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyi vurğulanıb. 1994-cü ildə Xocalı soyqırımı ilə əlaqədar bu il 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyev xüsusi Fərman imzalayıb, onun təşəbbüsü ilə Milli Məclisin “Xocalı Soyqırımı Günü haqqında” qərarı qəbul edilib.
Amansız soyqırımı, onun günahsız qurbanlarının xatirəsi xalqımız tərəfindən heç zaman unudulmur, bu bəşəri cinayət barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyev və respublikamızın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva tərəfindən məqsədyönlü tədbirlər görülür. Azərbaycanda və onun hüdudlarından kənarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyası geniş həyata keçirilir.
Tədbirlərdə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində bütün şəhidlərimizin, Xocalı qurbanlarının qısasının alındığı xüsusilə vurğulanıb, onların əziz xatirəsinin əbədi yaşayacağı bildirilib.
Soyqırımının ildönümü ilə bağlı nazirliyin kinozalında filmlər, eləcə də foto-slaydlar nümayiş olunub, mətbuatda çıxışlar edilib, sosial şəbəkə hesablarında məlumatlar paylaşılıb.