IMAGE

Bələdiyyələrin dayanıqlı inkişafı diqqət mərkəzindədir

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, genişmiqyaslı islahatlar həyata keçirilir, təhlükəli sosial bəla olan korrupsiyaya qarşı qəti mübarizə aparılır. Bu istiqamətdə bələdiyyələrin fəaliyyətinin təşkili, dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi, şəffaflığın artırılması və korrupsiyanın yolverilməzliyi barədə göstərişlərinə bələdiyyələr tərəfindən ciddi əməl olunması üçün Ədliyyə Nazirliyi tərəfindən müxtəlif maarifləndirmə və digər tədbirlər həyata keçirilir.

Martın 3-də Bələdiyyələrlə iş mərkəzində Bakı bələdiyyələrinin iştirakı ilə yerli özünüidarəetmədə şəffaflıq və hesabatlılığın gücləndirilməsi, həmçinin yerli büdcələrin dayanıqlılığının təmin edilməsinə həsr olunan müşavirə keçirilib.

Tədbirdə ilk növbədə ölkəmizdə yerli özünüidarəetmənin formalaşmasında Ulu öndərin əvəzsiz xidmətləri, bələdiyyələrin yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində mühüm rol oynaması üçün qayğı və diqqəti xüsusi vurğulanaraq Ümummilli liderin adı ilə bağlı olan bu əlamətdar ildə ölkəmizdə yerli demokratiyanın inkişafı üçün səylərin daha da artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Müşavirədə eyni zamanda yerli özünüidarəetmədə innovativ iş üsullarının tətbiqi, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, bələdiyyələrə ictimai etimadın, həmçinin yerli büdcələrin əsas gəlir mənbələrindən olan yerli vergi və ödənişlərin ödənilməsinə diqqətin daha da artırılması və s. kimi məsələlərə toxunulub. Dövlət başçısının 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nında aidiyyəti tapşırıqların icrasında bələdiyyələrin rolunun artırılması tövsiyə edilib.

Həmçinin yerli büdcə gəlirlərinin artırılması üçün mövcud potensialdan səmərəli istifadə olunması, büdcə intizamının gücləndirilməsi, yerli büdcədən vəsaitlərin ayrılması, o cümlədən büdcənin icrası barədə hesabatların hazırlanması zamanı qanunvericiliyin tələblərinə ciddi əməl olunması zərurəti qeyd olunub.

Yerli özünüidarəetmənin mahiyyətinə uyğun olaraq yerli əhali ilə sıx təmasların, bələdiyyələrin fəaliyyəti barədə əhalinin mütəmadi məlumatlandırılmasının əhəmiyyəti və s. məsələlər də müzakirə olunub.

Sonda bələdiyyələr tərəfindən səsləndirilən məsələlər üzrə fikir mübadiləsi aparılıb və ötən il ərzində bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım tədbirlərinin nəticəsi olaraq yerli özünüidarəetmədə əldə olunan müsbət dəyişikliklər qeyd olunaraq qarşıda duran hədəflərə çatmaq üçün səylərin artırılması zəruriliyi vurğulanıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez