BQXK-nın ölkəmizlə əməkdaşlığı yüksək səviyyədədir

Yanvarın 10-da ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri xanım Şerin Pollini və yeni rəhbəri xanım Deniz Duran ilə görüşmüşdür.

Respublikamızın BQXK ilə səmərəli əməkdaşlığını vurğulayan nazir dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan genişmiqyaslı islahatlardan, məhkumların hüquqlarının genişləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, infrastrukturun müasirləşdirilməsi üzrə görülən işlərdən, bu sahədə şəffaflığın təmin olunmasından danışmış, həyata keçirilən tədbirlərdə BQXK-nın dəstəyini təqdir etmiş, xanım D.Durana uğurlu fəaliyyət arzulamışdır.

Söhbət zamanı BQXK ilə sıx qarşılıqlı fəaliyyət nəticəsində məhkumların tibbi təminatının köklü şəkildə yaxşılaşdığı, penitensiar müəssisələrdə vərəmlə mübarizədə yüksək nailiyyətlərin əldə olunduğu qeyd edilərək ölkəmizin bu müsbət təcrübəsindən artıq 10 ölkənin, o cümlədən İngiltərə, Qazaxıstan, Filippin, İraq nümayəndələrinin bəhrələndiyi vurğulanmışdır.

BQXK-nın ölkəmizlə əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Ş.Pollini müasir penitensiar infrastrukturun yaradılmasında dövlətimizin güclü siyasi iradə nümayiş etdirdiyini, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qəbul olunmuş yeni qanunu mütərəqqi nailiyyət kimi yüksək qiymətləndirmiş,  Azərbaycanda çalışdığı müddətdə Ədliyyə Nazirliyi ilə səmimi və işgüzar əməkdaşlıqdan məmnunluğunu ifadə etmiş, penitensiar müəssisələrə baş çəkmək üçün hər zaman lazımi şərait yaradıldığına görə minnətdarlığını bildirmişdir. Komitə nümayəndəliyinin yeni rəhbəri xanım D.Duran Azərbaycanda gedən islahatlardan məlumatlı olduğunu söyləmiş, əlaqələrin davam etdirilməsi, qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulamışdır.

Görüşdə əməkdaşlığın yeni prioritetləri barədə faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez