Bakıda Sabunçu Məhkəmə Kompleksinin təməli qoyulmuşdur

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatlar aparılır, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq bu sahədə irimiqyaslı işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilir.

Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" Layihəsi çərçivəsində son 2 il ərzində respublikamızda 4 yeni məhkəmə binasının, o cümlədən dövlət başçısının iştirakı ilə Bakı şəhəri Yasamal, eləcə də Oğuz rayon məhkəmələrinin, habelə Gəncə şəhəri Nizami və Gədəbəy rayon məhkəmələrinin yeni binaları açılmış, ötən ilin sonunda Şəkidə 4 məhkəmənin yerləşəcəyi yeni Məhkəmə Kompleksinin təməli qoyulmuşdur.

Bütövlükdə isə vahid konsepsiya əsasında və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsilə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanaraq bəziləri üzrə artıq tikintiyə başlanılmışdır.

Yanvarın 22-də Sabunçu rayonunda 2 məhkəmənin - rayon və 2 saylı Bakı İnzibati-İqtisadi məhkəmələrinin yerləşəcəyi paytaxtımızda ilk məhkəmə kompleksinin təməlqoyma mərasimi keçirilmişdir.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, ədliyyə nazirinin müavini Azər Cəfərov, Sabunçu rayonu icra hakimiyyətinin başçısı Adil Vəliyev, Dünya Bankının ölkə üzrə meneceri xanım Larisa Leşçenko və digər məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hakimlər, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Ümumi sahəsi 9 min m2-dən çox olan məhkəmə kompleksi beş mərtəbədən və zirzəmidən ibarət olmaqla müasir milli memarlıq üslubunda layihələndirilmişdir. Yeni istifadəyə verilmiş məhkəmə binalarında olduğu kimi, müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq bu kompleksdə də proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan “Femida” sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur quraşdırılacaqdır. Tətbiq olunan İKT-lər təqsirləndirilən şəxslərin və şahidlərin məhkəməyə gətirilmədən uzaq məsafədən dindirilməsinə imkan verəcək, hakimlərlə vətəndaşların hər hansı qeyri-prosessual münasibətinin qarşısının alınması üçün bina ictimai və inzibati zonalara bölünəcəkdir.

Tədbir iştirakçıları Sabunçu Məhkəmə Kompleksinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olmuş, kompleksin təməli qoyulmuşdur.

Mərasimdə çıxış edən ədliyyə naziri F.Məmmədov ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının tapşırıqlarına əsasən həyata keçirilən islahatlardan danışaraq bildirmişdir ki, son illər məhkəmə sistemində köklü dəyişikliklər aparılmış, o cümlədən yeni məhkəmələr yaradılmış, hakimlərin sayı 2 dəfə artırılmış, etik davraniş qaydaları qəbul olunmuş, hakimliyə namizədlərin Avropada ən şəffaf seçim proseduru müəyyən edilmişdir.

Qeyd olunmuşdur ki, bu islahatlar və qazanılmış nailiyyətlər beynəlxalq aləmdə, o cümlədən Avropa Şurası və Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan Hökuməti və Dünya Bankı ilə əməkdaşlığın 20 illiyinin qeyd olunduğu ötən ayda “Ədliyyə sisteminin müasirləşdirilməsi” Layihəsi ən mükəmməl layihələrdən hesab olunmaqla “Azərbaycan Respublikası vətəndaşlarına yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması” nominasiyasında qalib gəlmişdir.

Dünya Bankının ölkə üzrə meneceri çıxış edərək Ədliyyə Nazirliyi ilə birgə fəaliyyətin səmərəliliyini və əldə olunmuş nəticələri yüksək qiymətləndirmiş, "Ədliyyə sisteminin müasirləşdirilməsi" Layihəsini Bankın bütün dünyada ən uğurlu layihələrindən biri kimi dəyərləndirmişdir.

Mərasimdə bildirilmişdir ki, bütün ölkədə ən yaxşı məhkəmə binalarından olacaq bu kompleksin inşası məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə verəcək, ədalət mühakiməsinə çatımlılığı daha da asanlaşdırmaqla vətəndaşların hüquqlarının etibarlı təmin olunmasına xidmət edəcəkdir.

Tədbir çərçivəsində həmçinin, xanım L.Leşçenko ilə görüş keçirilərək, əməkdaşlıq məsələləri üzrə faydalı fikir mübadiləsi aparılmışdır. Görüşdə qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunmuş, Dünya Bankının nümayəndəsi əməkdaşlığın davam etdirilməsi ilə bağlı niyyətini bildirərək bu cür uğurlu layihənin genişləndirilməsinin və yeni məhkəmə binalarının tikintisinin əhəmiyyətini qeyd etmiş, həyata keçirilən tədbirlərə bundan sonra da dəstək göstərəcəyini, bu sahədə Azərbaycanın nailiyyətlərinin geniş təbliğ ediləcəyini vurğulamışdır.

Elə həmin gün Sabunçu Rayon və 2 saylı Bakı İnzibati-İqtisadi məhkəmələrində hakimlərin, məhkəmə aparatı işçilərinin, habelə icra məmurlarının iştirakı ilə müşavirələr keçirilmişdir.

Müşavirələr zamanı ədliyyə naziri və Ali Məhkəmənin sədri çıxışlar etmiş, fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunmuş, qanunvericilikdə baş verən yeniliklərin, habelə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi, peşəkarlığın artırılması, habelə icra və əmək intizamına ciddi əməl olunması, vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntusu, korrupsiyaya şərait yaradan və digər neqativ halların qətiyyətlə aradan qaldırılmasının zəruriliyi bildirilmiş, belə hallara yol verən hakimlər barədə son illər 55 intizam icraatının başlanılması, 7 nəfərin səlahiyyətlərinə xitam verilməsi nəzərə çatdırılmışdır.

Bununla yanaşı, icra məmurlarına icra prosesi zamanı insan hüquqlarına ciddi riayət olunması, məhkəmə qərarlarının vaxtında və dürüst icrası, işin yaxşılaşdırılması üzrə konkret tapşırıqlar verilmiş, korrupsiya, süründürməçilik, qeyri-etik davranış və digər neqativ halların yolverilməzliyi, əks təqdirdə ən ciddi intizam tədbirlərinin tətbiqi xüsusi vurğulanmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez