IMAGE

“Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda konfrans keçirilib

Müasir müstəqil dövlətimizin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Ulu Öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.

Bu münasibətlə aprelin 12-də nazirliyin təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda konfrans keçirilib.

Tədbirdə ədliyyə nazirinin müavini Vilayət Zahirov və nazirliyin məsul işçiləri, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və deputatlar, Azərbaycan bələdiyyələrinin milli assosiasiyaları, bələdiyyə sədrləri, ali təhsil müəssisələrinin professor-müəllim və tələbə heyəti, Mediasiya Şurasının təmsilçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Liderin əziz xatirəsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Konfransı açan ədliyyə nazirinin müavini Vilayət Zahirov Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən bəhs edərək ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərini, müstəqilliyimizin möhkəmləndirilməsində xilaskarlıq missiyasını vurğulayıb. Bildirib ki, demokratik hüquqi dövlətin möhkəm təməlini qoyan Ulu Öndər azad cəmiyyətin əsasını təşkil edən yerli özünüidarəetmənin banisidir. Azərbaycan üçün ən gənc təsisat olan yerli özünüidarəetmənin yaradılması prosesi məhz Ümummilli Liderin müəllifi olduğu Konstitusiyamızda bələdiyyələrin təşkilinin və fəaliyyətinin əsas prinsiplərinin təsis edilməsi ilə başlanıb.

Ulu Öndərin ideyalarına uyğun olaraq yerli özünüidarəetmə fəaliyyətinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq təkmilləşdiyini bildirən V.Zahirov müasir üsul və vasitələrdən istifadə edilməklə bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi üçün inzibati nəzarət, həmçinin fəaliyyətin qanunauyğun təşkili məqsədilə mütəmadi keçirilən profilaktik və maarifləndirmə tədbirlərini qeyd edib, bu sahədə Ədliyyə Nazirliyinin fəaliyyətinə toxunub.

“Ötən dövrdə bir milyona yaxın bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, profilaktik tədbirlərin gücləndirilməsi və hüquqi maarifləndirmənin yaxşılaşdırılması məqsədilə bələdiyyələrə 75 mindən çox tövsiyə göndərilib, 90 min bələdiyyə üzvü və qulluqçusu Ədliyyə Akademiyasında və digər qurumlarda təşkil edilmiş maarifləndirmə tədbirlərinə cəlb olunub, bələdiyyələr üçün 300 metodik vəsait hazırlanıb”, - deyən nazir müavini yerli özünüidarəetmənin inkişafı sahəsində aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla, xarici ölkələrin bələdiyyələri ilə səmərəli əməkdaşlığı qeyd edib.

Nazir müavini torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə həmin ərazilərdə yerli özünüidarəetmənin təşkilinin mümkünsüz və bir milyondan artıq soydaşımızın özünüidarəetmə hüququndan məhrum olduğunu bildirib, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizlə işğala son qoyularaq tarixi ədalətin bərpa edildiyini xüsusi vurğulayıb. Azad edilmiş ərazilərimizdə dövlət başçısının rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəal iştirakı ilə sürətli bərpa-quruculuq işlərinin aparıldığıni diqqətə çatdırıb.

Bildirilib ki, yerli əhalinin rifahı naminə həyata keçirilən tədbirlərdə fəal iştirak edən bələdiyyələr də Vətən müharibəsi və sonrakı dövrdə səmərəli fəaliyyətləri ilə seçilirlər. Ötən müddətdə bələdiyyələr tərəfindən Vətən müharibəsi veteranlarının və şəhid ailələrinin yerli özünüidarəetmə fəaliyyəti ilə bağlı çoxsaylı müraciətləri həll edilib, həmçinin şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 900-dən çox abidə və abidə kompleksi, xatirə lövhəsi və bulağı istifadəyə verilmiş, onların yaşadıqları evlər və küçələr abadlaşdırılıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yoluna həsr olunan film nümayiş etdirilib.

Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitovanın moderatorluğu ilə davam edən konfransda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Yerli özünüidarəetmənin qanunvericilik əsasları” mövzusunda çıxış edib. Siyavuş Novruzov deyib ki, müstəqil Azərbaycanın qurucusu, xalqımız qarşısında xüsusi xidmətləri olan Ümummilli Lider Azərbaycan dövləti və gələcəyi üçün böyük addımlar atıb. Bu addımlar hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli Lider fəaliyyəti dövründə həmişə Azərbaycan xalqının və dövlətinin maraqlarını hər şeydən üstün tutub. Bu gün biz qətiyyətlə deyirik ki, Heydər Əliyev Azərbaycan konstitusiyasının banisidir. Yerli özünüidarəetmənin qanunvericilik əsasları məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin səyi nəticəsində yerli özünüidarəetmə strukturu Azərbaycan Respublikasının Konstitusiyasına salınıb, Konstitusiya vasitəsi ilə tənzimlənir.

“Milli Məclis ötən dövrdə yerli idarəetmənin formalaşması və fəaliyyəti ilə əlaqədar 25-dən çox qanun qəbul edib. Mütəmadi olaraq qanunların təkmilləşdirilməsi və mövcud iqtisadi, siyasi və digər proseslərə uyğunlaşdırılması ilə əlaqədar yeni qanunlar qəbul olunur və yaxud əlavə və dəyişiklər edilir. Bələdiyyələrin idarə olunması, onların həyata keçirdiyi layihələrin təmin olunması ilə əlaqədar mühüm işlər görülür. Bələdiyyələrin fəaliyyəti getdikcə tənzimlənir və nümunəvi bələdiyyələr ortaya çıxır. Ədliyyə Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin bu sahədə böyük əməyi var. Belə ki, həm qanunvericilik, həm müxtəlif əsasnamələrlə, tövsiyələrlə, eyni zamanda, bələdiyyə qərarlarının qanunlara uyğunlaşdırılmasında, bələdiyyə torpaqlarının verilməsindəki problemlərlə əlaqədar məsələlər aradan qaldırılır və qanunvericiliyə dəstək göstərilir. Milli Məclis olaraq bələdiyyələrə problemlərinin aradan qaldırılmasında dəstək olmağa çalışırıq”, - komitə sədri söyləyib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, Heydər Əliyevin fəaliyyəti ilə bağlı tədbirlər Ümummilli Liderimizin ölməz zəngin irsini təbliğ etmək baxımından vacibdir. Azərbaycan üçün son 50 ilin hər birində Ulu Öndər Heydər Əliyevin zəhməti var. Ümummilli Liderin zəkası, düşüncələri bizi həmin illərdə uğura aparıb. Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdən etibarən Azərbaycanı çox çətinliklərdən xilas edib, ona görə də xalqımız onu xilaskar kimi qəbul edir. Deputat, həmçinin Ulu Öndərin yerli özünüidarəetmənin yaranması, formalaşmasındakı rolundan danışıb. Qeyd edilib ki, Ədliyyə Nazirliyi, Milli Məclisin Regional məsələlər komitəsi bələdiyyələrin fəaliyyətinə dəstək göstərir.

Konfransda, həmçinin nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Elmin Həsənovun “Yerli demokratik ideyalara işıq tutan Heydər Əliyev irsi”, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyevin “Yerli özünüidarəetmədə assosiasiyaların rolu, bələdiyyələrə dövlət qayğısı”, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin “Yerli özünüidarəetmədə ictimai iştirakçılıq”, Quba rayonu Qırmızı qəsəbə bələdiyyəsinin sədri Yafo Yedadayevanın “Dövlətimizin gender siyasətinin yerli özünüidarəetmədə təcəssümü” mövzusunda çıxışları dinlənilib, maraqlı müzakirələr aparılıb.

Tədbirdə Ədliyyə Nazirliyi tərəfindən müasir tələblərə uyğun hazırlanmış və səmərəli yerli özünüidarəetmə fəaliyyətinə töhfə olan “Bələdiyyələrlə iş portalı”nın təqdimatı olub.

Bələdiyyələrin fəaliyyətində səmərəliliyin və aşkarlığın artırılması məqsədilə portalda ictimaiyyət üçün açıq olan faydalı bölmələr, o cümlədən ölkəmizdə yerli özünüidarəetmə sisteminin tarixi, hazırkı dövrədək keçirilən bələdiyyə seçkiləri və onların nəticələri, hər bir bələdiyyə sədri, üzv və qulluqçuları, əlaqə vasitələri, geolokasiyası və s. barədə məlumatlar yerləşdirilib.

Eyni zamanda portalda yerli özünüidarəetmə sahəsində Ədliyyə Nazirliyinin gördüyü işlər – metodoloji yardım və inzibati nəzarət tədbirləri öz əksini tapıb. Portal bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət icraatının avtomatlaşdırılmış rejimdə aparılmasını, o cümlədən elektron sənəd mübadiləsini mümkün etməklə, həmçinin bələdiyyələrə şəxsi kabineti vasitəsilə iclas protokollarını (aktlarını) elektron qaydada tərtib etmək imkanı yaradır.

Təqdimat zamanı portalın funksional imkanları əyani nümayiş etdirilib, onun ictimaiyyət və bələdiyyələr üçün faydası qeyd olunub.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez