08-05-2023 | 20:42 479
Ölkə Prezidentinin Əfv Sərəncamının Ədliyyə Nazirliyi tərəfindən dərhal icrası təmin olunub
Dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ötən dövrdə qəbul olunmuş humanist aktlarla, həmçinin respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə elan edilmiş amnistiya qərarları ilə minlərlə məhkum müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib.
Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti tərəfindən 08.05.2023-cü il tarixdə Əfv Sərəncamı imzalanıb. Dövlət başçısının humanist aktının elə həmin gün Ədliyyə Nazirliyi tərəfindən Milli Məclisin deputatlarının, Ombudsmanın, vətəndaş cəmiyyətinin və medianın iştirakı ilə penitensiar müəssisələrdə, habelə alternativ cəzaların icrasını təmin edən probasiya qurumlarında dərhal icrası təmin edilib.
Ümumilikdə 801 məhkumu əhatə edən Sərəncamla 463 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib, 220 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Həmçinin, Probasiya xidmətinin nəzarətində olan azadlıqdan məhrumetməyə alternativ cəzalara məhkum edilmiş 118 nəfər əfv olunub. Onlardan 88 nəfəri cərimə, 18 nəfər azadlığın məhdudlaşdırılması, digərləri isə islah, şərti məhkumetmə və digər cəzalardan azad ediliblər.
Əfv Sərəncamının icrası ilə bağlı keçirilən mərasimlərdə çıxış edənlər “Heydər Əliyev İli”ndə Ulu Öndərin yubileyi münasibətilə qəbul olunmuş Əfv Sərəncamının mahiyyətini və əhəmiyyətini diqqətə çatdırıb, əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarına, azad cəmiyyətə qovuşaraq Azərbaycanın layiqli vətəndaşları olacaqlarına əminliklərini ifadə ediblər.
Müstəqillik tariximizin ən böyük əfv aktı olan bu Sərəncam cəmiyyətimizdə böyük rəğbətlə qarşılanıb, azadlığa çıxan şəxslər yubiley ilində, Ümummilli Liderin 100 illiyi münasibətilə azad edilmələrindən yüksək sevinc hisslərini bölüşüb, əfv olunanlar, onları qarşılamağa gələn ailə üzvləri və yaxınları göstərdiyi humanistliyə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.