11-05-2023 | 15:20 1068
Mayın 11-də Bakı şəhəri Yasamal rayon Heydər Əliyev Mərkəzində Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Məmmədovlar ailəsində anadan olan dördəmlərin doğumunun təntənəli qeydiyyatı mərasimi keçirilib.
“Heydər Əliyev İli”ndə keçirilən tədbirdə 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət ailə və uşaq siyasətinin uğurla həyata keçirilməsindən, ailə-nikah münasibətlərinin möhkəmləndirilməsi, ölkəmizin gələcəyi olan uşaqların hərtərəfli inkişafı ilə bağlı görülən məqsədyönlü tədbirlərdən danışılıb.
Doğum haqqında şəhadətnamələr üzərində Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları qeyd olunan bukletlərlə valideynlərə təqdim olunaraq körpələrə sağlam həyat və uğurlu gələcək arzu edilib.
Ailə övladlarına Ümummilli Lider Heydər Əliyevin xatirəsinə, Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə Heydər, İlham, Mehriban və Ərdoğan adlarını verib.
Bu adlar uşaqlara Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə, Ərdoğan adını isə Türkiyə və Azərbaycan qardaşlığının rəmzi olaraq qoyulub.
Doğumun təntənəli qeydiyyatı mərasiminin “Heydər Əliyev İli”ndə keçirilməsinin xüsusilə əlamətdar olduğu bildirilib, Ədliyyə Nazirliyi tərəfindən uşaqlara hədiyyələr təqdim edilib.