31-05-2023 | 20:30 674
Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycan dövləti bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə özünün qüdrətli dövrünü yaşayır, əzəli torpaqlarımız işğaldan azad edilərək Qarabağ və Şərqi Zəngəzur dövlətimizin iqtisadi gücü hesabına sürətlə bərpa olunur. Bu istiqamətdə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr həyata keçirilir.
Eyni zamanda qardaş Türkiyə Vətən müharibəsində olduğu kimi, quruculuq prosesində də Azərbaycanın yanında olaraq birgə tədbirlər reallaşdırılır.
Bu fikirlər ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən nazirliyin kollegiya iclasında vurğulanıb.
Nazir mayın 28-də dost və qardaş Türkiyədə demokratik şəraitdə keçirilmiş və Azərbaycanda böyük maraqla izlənilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın inamlı qələbəsini qeyd edib. Bildirib ki, bu münasibətlə cənab Prezident İlham Əliyevin Türkiyə Prezidentini ilk təbrik etməsi sarsılmaz qardaşlıq və dostluq münasibətlərimizin əyani təzahürüdür. Ədliyyə işçiləri də böyük zəfər sevincini Türk həmkarları ilə bölüşərək onları təbrik ediblər.
Bütün bunlar bir daha Azərbaycan-Türkiyə əlaqələrinin xalqımızın ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət" prinsipi əsasında möhkəm təməl üzərində qurulmasının bariz nümunəsidir.
Kollegiyada dünya şöhrətli müdrik siyasətçi dahi Heydər Əliyevin anadan olmasının 100 illiyinin ölkəmizdə və onun hüdudlarından kənarda geniş qeyd olunduğu, bu münasibətlə dövlət başçısı tərəfindən elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyində, bütün yerli və regional ədliyyə qurumlarında, məhkəmələrdə keçirilən silsilə tədbirlər barədə məlumat verilib.
Qeyd olunub ki, nazirlikdə dahi şəxsiyyətə aid nəşrlərin sərgisi təşkil edilib, saytda daim yenilənən xüsusi platforma yaradılıb, tədris müəssisələrində dinləyicilərə Ümummilli Liderin irsinin dərindən öyrənilməsi ilə bağlı mövzular tədris olunub.
Gənc əməkdaşlar və ədliyyə könüllüləri ilə görüşlər keçirilib, mediada, həmçinin nazirliyin rəhbərliyi tərəfindən, o cümlədən beynəlxalq ictimaiyyətə dolğun çatdırılması üçün xarici dillərdə çıxışlar edilib. Regionlarda vətəndaş cəmiyyəti institutlarının geniş təmsilçiliyi ilə konfranslar, "açıq qapı" günləri təşkil edilib, şəhid ailələrinə və ədliyyə veteranlarına baş çəkilib, habelə digər sahələr üzrə işlər görülüb.
Nazirliyin təşkilatçılığı ilə "Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər" mövzusunda geniş konfransın keçirilməsi xüsusilə əlamətdar olub. Həmçinin nazirliyin məsul şəxsləri digər qurumlar tərəfindən keçirilən tədbirlərdə iştirak edərək Ulu Öndərin demokratik hüquq dövlət quruculuğunda və müasir məhkəmə-hüquq sisteminin bərqərar edilməsində müstəsna rolu ilə bağlı çıxışlar ediblər. Hazırda yubiley tədbirləri davam edir.
Dahi öndərin humanist siyasətini uğurla həyata keçirən dövlət başçısının yubiley münasibətilə imzaladığı və 801 məhkumu əhatə edən müstəqillik tariximizin ən böyük əfv Sərəncamının icrası nazirlik tərəfindən dərhal təmin edilib.
Kollegiyada Ulu Öndərin ölkə həyatının bütün sahələrində misilsiz xidmətləri, o cümlədən cinayətkarlığa və korrupsiyaya qarşı barışmaz münasibəti, bununla bağlı Heydər Əliyevin SSRİ məkanında ilk dəfə olaraq aşkar və cəsarətli mövqeyi, müstəqilliyimizin bərpasından sonra ölkədə qanunun aliliyinin bərqərar olunmasında müstəsna rolu vurğulanıb, Prezident İlham Əliyevin qəti siyasi iradəsi ilə bu sahədə tədbirlərin uğurla davam etdirildiyi qeyd olunub.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə səylərin gücləndirilməsi, məhkəmə, cinayət təqibi və digər səlahiyyətli orqanlar, habelə özəl sektor arasında əməkdaşlıq imkanlarının artırılması və s. məqsədilə dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş 2023-2025-ci illəri əhatə edən Milli Fəaliyyət Planından irəli gələn nazirliyin vəzifələri müzakirə edilib, müvafiq İş Planı təsdiq olunub.
İclasda həmçinin, beynəlxalq hüquqi əməkdaşlıq məsələləri müzakirə olunaraq, nazirliyin mötəbər forum və tədbirlərdə, o cümlədən Daşkənd Hüquq Baharı Forumunda iştirakı, faydalı təcrübə mübadiləsinin aparılması qeyd olunub, Özbəkistan Ədliyyə Nazirliyi ilə imzalanmış yeni Əməkdaşlıq Proqramının implementasiyası ilə bağlı tapşırıqlar verilib.
Kollegiyada ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi akt layihələri təsdiq edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.