02-02-2013 | 04:02 891
Ədliyyə Nazirliyinin rəhbərliyi Gənclər Günü münasibətilə gənc ədliyyə işçiləri ilə görüş keçirmişdir.
Tədbirdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən dövlət gənclər siyasətinin tarixindən və uğurlarından danışılaraq, Azərbaycanda yüksək dövlət qayğısı ilə əhatə olunan vətənpərvər, yetkin və intellektual gənc nəslin formalaşmasından, onların ölkəmizin siyasi, sosial-iqtisadi və mədəni həyatındakı rolundan, inkişafları üçün hərtərəfli şəraitin yaradılmasından bəhs edilmişdir.
Qeyd olunmuşdur ki, ölkə gənclərinə daim diqqət yetirən möhtərəm prezidentimiz tərəfindən müasir gəncliyin aktual məsələlərinin həlli məqsədilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul olunması bu sahədə yeni mərhələnin əsasını qoymuş, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərin potensialının gücləndirilməsi və onların cəmiyyətdə inteqrasiyasının təmin edilməsi dövlətimizin əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir.
Tədbirdə vurğulanmışdır ki, şəffaf prosedurlarla keçirilən müsabiqələr əsasında qulluğa qəbul edilən şəxslərin tam əksəriyyəti gənclərdir. Bu gün bütövlükdə ədliyyə orqanları işçilərinin yarısını gənclər təşkil edir və onların dövlətçiliyimizə sadiq, layiqli ədliyyə qulluqçusu kimi formalaşması Nazirliyin prioritet verdiyi başlıca sahələrdəndir.
Aparılan ardıcıl işlərin nəticəsidir ki, vəzifədə irəli çəkilən əməkdaşların və həvəsləndirilən işçilərin təxminən hər üçündən birini məhz gənclər təşkil edir. Onların bilik, bacarıq və potensiallarından səmərəli istifadə edilməsinə, hazırlıq səviyyələrinin artırılması, o cümlədən etik davranış qaydalarını, insan hüquqlarını və antikorrupsiya qanunvericiliyini mükəmməl öyrənmələri istiqamətində müxtəlif kurslara, treninqlərə və beynəlxalq tədbirlərə cəlb olunmalarına xüsusi diqqət yetirilir.
Mərasimdə çıxış edən gənc ədliyyə işçiləri göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edərək bundan sonra da ölkəmizin daha da qüdrətlənməsinə sədaqətlə xidmət göstərəcəklərini qeyd etmiş, ədliyyə işçisi kimi qanun pozuntularına qarşı hər zaman qətiyyət və barışmaz mövqe nümayiş etdirəcəklərini, insanların hüquq və azadlıqlarının etibarlı təminatı, haqq-ədalətin bərpası, cəmiyyətimizin hüquqi maarifləndirilməsi işində fəal iştirak edəcəklərini, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv çatdırılması istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini vurğulamışlar.