IMAGE

Fikrət Məmmədov: “Elektron məhkəmə” sisteminin artıq bütün respublikanı əhatə etməsi ölkəmizin böyük nailiyyətidir

“Elektron məhkəmə” informasiya sisteminin ölkə üzrə tam tətbiqinə başlanılması əlamətdar hadisədir. Bizim üçün isə ikiqat əlamətdardır ki, bu hadisə 100 illiyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtmasının və bununla bağlı qeyd etdiyimiz Milli Qurtuluş gününün 30 illiyi dövrünə təsadüf edir.

Ulu Öndər müstəqil Azərbaycan dövlətinin banisi olmaqla yanaşı, həm də müasir demokratik məhkəmə-hüquq sistemimizin də müəllifidir. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində islahatlar müasir çağırışlara uyğun yeni mərhələyə keçmişdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Şəmkir Rayon Məhkəməsində keçirilən “Elektron məhkəmə” informasiya sisteminin ölkə üzrə tam tətbiqinin yekun mərasimində Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov bildirib.

“Görülən mühüm tədbirlər sırasında “Elektron məhkəmə” informasiya sisteminin artıq bütün respublikanı əhatə etməsi ölkəmizin böyük nailiyyətidir. Azərbaycandan qat-qat əvvəl bu prosesə başlamış, hətta inkişaf etmiş dövlətlər hələ buna tam nail ola bilməmişlər. “Elektron məhkəmə” sisteminin əhəmiyyəti məhz ondadır ki, o, ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsinə, şəffaflığın təmin olunmasına, çevikliyin artırılmasına və vətəndaş məmnunluğuna xidmət edəcək”, - deyə ədliyyə naziri vurğulayıb.

Bu sistemin hər bir vətəndaşın elektron kabineti yaradılmaqla proseslər barədə məlumatların və sənədlərin əldə edilməsini, şikayətlərin verilməsi və s. əməliyyatların məhkəməyə gəlmədən həyata keçirilməsini mümkün etdiyini söyləyən nazir onu da qeyd edib ki, e-məhkəmə sistemi, həmçinin hakimlərin işini də asanlaşdırmaqla işlərə daha keyfiyyətlə baxılmasına zəmin yaradacaqdır. Artıq 4-cü ildir “Elektron məhkəmə”nin mobil versiyası tətbiq olunur və insanlar ondan uğurla istifadə edirlər.

Sonda nazir vətəndaşları bu əlamətdar hadisə münasibətilə təbrik edib və onlara məhkəmə fəaliyyətindən məmnun qalmalarını arzulayıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez