Türkiyənin ölkəmizdəki səfiri ilə görüş

Fevralın 4-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilə görüşmüşdür.

Xalqlarımız arasında möhkəm dostluq və qardaşlıq münasibətlərini, ikitərəfli əlaqələrin genişlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayan nazir iki ölkə arasında zəngin müqavilə-hüquq bazasına malik əməkdaşlığın müxtəlif, o cümlədən ədliyyə sahəsində dinamik inkişafından məmnunluğunu ifadə etmişdir. F.Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu ədliyyə və məhkəmə islahatlarından danışaraq həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin iştirakını, qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi ilə son illər 170-ə yaxın hakimliyə namizədin Türkiyədə yarım aylıq nəzəri və praktiki təlim keçdiyini təqdir etmiş, yaxın günlərdə Türkiyə Ədliyyə Nazirliyi nümayəndələrinin ölkəmizə ediləcək səfərini sıx əməkdaşlığımızın təzahürü kimi dəyərləndirmişdir.

Görüşdə ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da dərinləşməsində hər iki ölkənin dövlət və hökumət başçılarının xüsusi rolu və güclü siyasi iradəsi, dövlətlərimizin hər zaman bir-birinə qarşılıqlı dəstək göstərməsi qeyd olunmuş, əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanaraq, təcrübə mübadiləsinin hər iki tərəf üçün səmərəsi bildirilmişdir.

Dərin tarixi köklərə malik əlaqələrimizin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən səfir Azərbaycanın hərtərəfli dinamik inkişafını qeyd edərək məhkəmə-hüquq sistemində aparılan islahatları və əldə olunmuş nailiyyətləri, habelə innovativ və şəffaf xidmətlərin tətbiqini alqışlamış, xüsusilə ötən ay fəaliyyətə başlamış ASAN xidməti maraqlı qabaqcıl təcrübə kimi qiymətləndirmişdir. Qonaq Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə iki ölkə arasındakı səmərəli hüquqi əməkdaşlığı daha da möhkəmləndirmək üçün səylərini əsirgəməyəcəyini vurğulamışdır.

Görüşdə ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin prioritetləri, korrupsiyaya qarşı mübarizədə müsbət təcrübə, elektron xidmətlərin tətbiqi və s. sahələr üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez