Ədliyyə Nazirliyindən növbəti rəqəmsal yenilik: “ƏN TEZ” innovativ xidmət istifadəyə verilib
Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycan
dövləti ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qlobal çağırışlara
uyğun olaraq davamlı islahatlar aparılmaqla uğurla inkişaf edir. Doğma
torpaqlarımız işğaldan azad edilərək sürətlə bərpa olunur, bu sahədə smart
konsepsiyalar, rəqəmsal innovasiyalar tətbiq edilir.
Bütün sahələrdə vətəndaşlara xidmət sektorunun inkişafı, dövlət orqanlarına
əlçatanlığının artırılması, şəffaflığın təmin edilməsi, eyni zamanda,
xidmətlərdən vahid məkandan yararlanması üçün geniş imkanlar yaradılır.
Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərindən olan rəqəmsal cəmiyyətin
inkişafı üzrə mühüm addımlar atılır.
Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən çoxşaxəli tədbirlər, o
cümlədən “ASAN xidmət”, DOST mərkəzləri kimi xidmət yerlərinin vətəndaş
məmnunluğu doğuran səmərəli fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Ədliyyə Nazirliyi tərəfindən növbəti rəqəmsal innovasiya olan və müxtəlif
növ ədliyyə xidmətlərindən eyni vaxtda, vahid mənbədən və məsafədən
göstərilməsini təmin edən yeni “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron
Zəng) xidməti yaradılıb. Ölkədə inklüziv cəmiyyətin inkişaf prioritetinə
əsaslanaraq “ƏN TEZ” xidmətinin təqdimatı üçün ilk olaraq əhalinin daha
həssas təbəqələrinə xidmət göstərilməsi məqsədilə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin DOST Mərkəzləri seçilib.
Yeni istifadəyə verilən “ƏN TEZ” xidmətinin bu il 100 illiyini qeyd
etdiyimiz ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə
qayıdışının və Milli Qurtuluş Gününün 30-cu ildönümü ərəfəsində, iyunun
10-da 3 saylı Bakı DOST Mərkəzində geniş ictimai təqdimatı keçirilib.
Təqdimatda Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin
rəhbərliyi və aidiyyəti məsul işçiləri, Sosial Tədqiqatlar Mərkəzinin,
Azərbaycan Notariat Palatasının təmsilçiləri, vətəndaş cəmiyyəti
institutları və media iştirak ediblər.
Tədbirin açılışında ədliyyə nazirinin müavini Eldar Nuriyev və əmək və
əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxış ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq dövlət
xidmətlərinin rəqəmsal platformalarda və vahid məkandan şəffaf təşkili, bu
xidmətlərə əlçatanlığın artırılması üçün ardıcıl işlər görülür. DOST
mərkəzləri 154 növ sosial xidmətin bir “pəncərə”dən şəffaf və operativ
şəkildə göstərilməsinə imkan verir. Bu mənada hazırda tətbiqinə başlanan “ƏN
TEZ” xidməti də vətəndaş məmnunluğuna yönələn növbəti uğurlu addımdır.
Sonra “ƏN TEZ” xidməti rəmzi düyməyə basılmaqla istifadəyə verilib və
iştirakçılar yeni xidmət modeli barədə məlumatlandırılıb.
Bildirilib ki, “ƏN TEZ” xidməti vətəndaşlara ədliyyə orqanlarına və
məhkəmələrə video-zəng vasitəsi ilə operatora müraciət etməklə lazımi
xidmətlərdən ən sürətli şəkildə faydalanmaq imkanı verir. Bu zaman
vətəndaşlar notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı,
tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və digər xidmətlərdən
bəhrələnə biləcəklər.
Smart konsepsiya əsasında fəaliyyət göstərən “ƏN TEZ” xidməti vətəndaşlara
heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi
ilə biometrik eyniləşdirmə aparılmaqla, daha sadə, asan və rahat şəkildə
istifadə etmək imkanı yaradır.
Dövlət xidmətlərinin göstərilməsində ilk dəfə belə bir innovativ yanaşmanın
tətbiqi vətəndaş məmnunluğunu təmin etməklə, həmçinin əlavə
infrastrukturların və digər resursların ayrılması zərurətini aradan
qaldıraraq izafi xərclərin qarşısını almağa xidmət edir.
Yeni xidmətlərin bölgələrdə yaşayan, o cümlədən Böyük Qayıdış üzrə Milli
Prioritetə uyğun olaraq azad edilmiş doğma torpaqlara qayıdan sakinlərin
ədliyyə xidmətlərinə əlçatanlığının artırılması üçün də əlverişli və rahat
imkanlar yaratdığı vurğulanıb.
Tədbir iştirakçıları “ƏN TEZ” xidmətin vətəndaşlara təqdim olunan imkanları
barədə video-çarxlar izləyib, ədliyyə sahəsində növbəti rəqəmsal yeniliyi
maraqla qarşılayıblar.