Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı iyul ayının 11-də keçiriləcək

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, Dövlət İmtahan Mərkəzi ilə birlikdə nazirliyin yerli qurumlarında vakant olan vəzifələrin komplektləşdirilməsi məqsədilə qulluğa qəbulla bağlı davam edən müsabiqə üzrə müraciət etmiş şəxslərlə iyul ayının 11-də növbəti test imtahanı keçiriləcəkdir.

Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən Dövlət İmtahan Mərkəzinin inzibati binasında saat 10:00-da başlanacaq imtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır.

Qaydalara əsasən test imtahanından uğur qazanmış və təqdim etdiyi sənədlərə görə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.

Müsabiqənin keçirilməsi ilə bağlı zəruri metodiki vəsaitlərlə namizədlər nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və elektron kabinetlərində tanış ola bilərlər.

Müsabiqədə iştirak edən hüquqşünasların test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə nazirliyin Ədliyyə Akademiyasında davamlı hazırlıq kursları təşkil olunur (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31) .

Əlavə məlumatları nazirliyin internet səhifəsindən (www.justice.gov.az) , yerlərdə ədliyyə qurumlarına müraciət etməklə, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

İmtahan binasına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez