18-07-2023 | 15:40 1199
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi ilə ölkəmizdə siyasi sistemin müasir çağırışlara və milli maraqlara uyğun təkmilləşdirilməsi, partiyalararası dialoq prosesinin dərinləşdirilməsi və bu sahədə münasibətlərin yeni konfiqurasiya şəraitində qurulması ilə bağlı ardıcıl tədbirlər görülür.
Bu məqsədlə beynəlxalq təcrübə öyrənilməklə siyasi partiyaların fəaliyyətini tənzimləyən yeni qanun layihəsi hazırlanıb və geniş ictimai müzakirələr keçirilməklə qəbul edilib.
“Siyasi partiyalar haqqında” Qanun ölkədə həyata keçirilən demokratik islahatların növbəti təzahürü olaraq siyasi partiyaların fəaliyyətinin səmərəli qurulmasına, daha sağlam siyasi mühitin formalaşmasına və siyasi qüvvələr arasında qarşılıqlı faydalı dialoqun genişləndirilməsinə xidmət edir.
Yeni Qanuna əsasən partiyanın azı 5.000 üzvü olmalıdır və onlar üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.
Bununla əlaqədar nazirlik tərəfindən normativ hüquqi aktların yeni Qanuna uyğunlaşdırılması istiqamətində və digər aidiyyəti tədbirlər həyata keçirilib.
Qanunun qüvvəyə mindiyi tarixdən ötən müddətdə 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib. Bəyanatlarda bu qərarların verilməsi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə həyata keçirilən hərtərəfli uğurlu islahatlar, təşviq olunan siyasi dialoq, bərqərar olunmuş siyasi sabitlik və milli həmrəylik mühiti, həmçinin Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqələndirilib. Digər 27 siyasi partiya isə üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.
Nazirlik tərəfindən “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində bir sıra qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və sair müəyyən olunub.
Bununla bağlı partiyalara müvafiq məlumat verilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Eyni zamanda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə tədbirlər davam
etdirilir və partiyalara müraciət edilərək qüsurların aradan qaldırılması
üçün lazımi yardımın göstərilməsi məqsədilə onlarla görüşlərin
keçirilməsinə hazır olduğu bildirilir.