Yerli özünüidarəetmə ilə bağlı seminar keçirilmişdir

Fevralın 7-də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin təşkilatçılığı ilə ölkəmizin ali qanunvericilik və icra hakimiyyəti orqanları nümayəndələrinin, şəhər və rayon bələdiyyə şuraları sədrlərinin, habelə aidiyyəti təşkilatların məsul şəxslərinin iştirakı ilə "Yerli özünüidarəetmənin aktual məsələləri" mövzusunda seminar keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunların müntəzəm olaraq təkmilləşdirilməsindən bəhs edərək, ölkə Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Bələdiyyələrin Nümunəvi Reqlamentinin onların fəaliyyətinin qanunauyğun təşkilində müstəsna əhəmiyyətini qeyd etmişdir. Seminarda yerli özünüidarəetmənin digər aktual məsələlərindən də danışılaraq yerli vergi və ödənişlərin toplanması, maliyyə vəsaitlərinin istifadəsi və s. problemlərin həlli istiqamətində tədbirlərin davamlı olaraq həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.

Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə artıq əldə olunmuş müsbət nəticələrdən, yeni qəbul edilmiş qanun və dəyişikliklərin bələdiyyələrin işinin təşkilində önəmli rolundan danışaraq mövcud problemlərə də toxunmuş, yerli özünüidarəetmənin inkişafının əsas istiqamətlərinin həyata keçirilməsində bələdiyyələrin üzərinə düşən vacib məsələləri qeyd etmişdir.

Maliyyə və Vergilər nazirliklərinin nümayəndələri yerli büdcəyə vergilərin hesablanması və ödənilməsi, maliyyə hesabatlarının hazırlanması, bələdiyyələrdə mühasibat uçotunun təşkili, yerli büdcənin formalaşması məsələlərindən danışmış, bu proseslərin müvafiq qanunların tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin etməklə bələdiyyələrin inkişafına nail olmağın mümkünlüyünü bildirmişlər.

Tədbirdə Auditorlar Palatasının üzvü Altay Cəfərov tərəfindən hazırlanmış "Bələdiyyələrdə mühasibat uçotunun təşkili" adlı kitabın təqdimatı keçirilmişdir. Kitabda bələdiyyələrdə mühasibat uçotunun təşkili ilə bağlı praktiki materiallar öz əksini tapdığı üçün bu vəsaitin hər bir bələdiyyədə müvafiq işlə məşğul olan əməkdaşın stolüstü kitabına çevrilməsi tövsiyə edilmiş və bütün bələdiyyələrə kitabın bir nüsxəsi təqdim olunmuşdur.

2012-ci ilin yekunu ilə əlaqədar fəaliyyətlərində fərqlənmiş bələdiyyə nümayəndələrinə Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının mükafatları təqdim edilmişdir.

Sonda Bələdiyyələrin Nümunəvi Reqlamentinin onların fəaliyyətinin təşkilində mühüm əhəmiyyətini nəzərə alaraq, hər bir bələdiyyə üçün onun daxili fəaliyyət məsələlərini tənzimləyən müvafiq Reqlamentin hazırlanması və təsdiq edilməsi qərarlaşdırılmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez