04-08-2023 | 10:00 133
Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması və onların fəaliyyətinin təşkilinə kömək göstərilməsi məqsədilə həyata keçirilən maarifləndirmə tədbirləri davam etdirilir.
Avqust ayının 4-də Nazirliyin Bələdiyyələrlə iş mərkəzi tərəfindən “Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində müvafiq maddələrin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenum qərarından irəli gələn məsələlər”, Bələdiyyələrlə iş portalının yeni versiyasının tətbiqi, “Mehmanxana, sanatoriya-kurort və turizm xidməti göstərən şəxslərdən ödənişlərin alınması” və “Bələdiyyə üzvlərinin yerli özünüidarəetmənin həyata keçirilməsində vəzifələri və məsuliyyəti” ilə bağlı mövzulara dair Bakı şəhəri üzrə bələdiyyə üzv və qulluqçuları üçün müşavirə keçirilib.
Müşavirə zamanı sadalanan mövzulara dair qanunvericiliyin tələbləri barədə izahlar verilmiş, yerli büdcənin formalaşmasında mehmanxana, sanatoriya-kurort və turizm xidməti göstərən şəxslərdən alınan ödənişlərin əhəmiyyəti vurğulanmışdır.
Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılaraq, bələdiyyələrin fəaliyyətində hesabatlılıq və şəffaflığa əməl olunması, gəlirlərinin artırılması istiqamətində qanunvericiliklə müəyyənləşdirilmiş mənbələrdən istifadə imkanlarının təkmilləşdirilməsi, o cümlədən yerli özünüidarəetmənin həyata keçirilməsində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi barədə tövsiyələr verilmişdir.