15-02-2013 | 04:02 806
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 12-də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda vətəndaş-məmur münasibətləri, dövlət məmurları tərəfindən etik davranış qaydalarına riayət olunması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlarından irəli gələn vəzifələr Ədliyyə Nazirliyinin struktur qurumlarında rəhbərliyin iştirakı ilə dərhal müzakirə olunmuşdur.
Tədbirlərdə ədliyyə işçilərinin etik davranış qaydalarının dürüst yerinə yetirilməsi, vətəndaşlara qayğılı münasibət və layiqli xidmət göstərilməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, məsuliyyət hissinin artırılması, qulluqla bir araya sığmayan hərəkətlərin aradan qaldırılmasına dair qəti tapşırıqlar verilmiş, bu sahədə işin səmərəliyinin artırılması üzrə təkliflər irəli sürülmüşdür.
Keçirilmiş müzakirələrin nəticələri və konkret təkliflər ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi fevralın 15-də keçirilmiş Kollegiya iclasında geniş təhlil olunmuşdur.
Qeyd edilmişdir ki, ölkə başçısının dövlət məmurları, onların ailə üzvləri tərəfindən cəmiyyətdə etik normalara riayət olunmaması, insanların qayğılarına etinasız münasibət göstərilməsi, habelə sahibkarlığın inkişafına mane yaradan hallara yol verilməsi, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi ilə bağlı ciddi tapşırıqları ədliyyə işçilərinin də üzərinə mühüm vəzifələr qoymuşdur.
Kollegiyada dövlət başçısının tələblərinin dürüst və dönmədən icrasının vacibliyinin hər bir ədliyyə işçisinə çatdırılması məqsədilə bütün ədliyyə orqanlarında, o cümlədən regionlarda rəhbər şəxslərin iştirakı ilə müzakirələrin aparılması, süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin görülməsi, əmək və icra intizamının möhkəmləndirilməsi, vətəndaşların müraciətlərinə daim həssaslıqla baxılması, qəbul işinin və "qaynar xətt"lərin fəaliyyətinin, etik davranış qaydalarının günün tələbləri baxımından daha da təkmilləşdirilməsi, bu sahədə xüsusi treninqlərin keçirilməsi, sahibkarıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin səmərəliliyinin daha da artırılması və digər konkret tapşırıqlar verilmişdir.