IMAGE

Naxçıvanda ədliyyə fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi üzrə tədbirlər görülür

Sentyabrın 14-də Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov Naxçıvan Muxtar Respublikasında vətəndaşların qəbulunu keçirib.

Nazir əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramını bildirib, Heydər Əliyev Muzeyində Ulu Öndərə həsr olunan maraqlı ekspozisiyalarla tanış olub.

Eyni zamanda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilərək Naxçıvanda ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı faydalı fikir mübadiləsi aparılıb.

Sonra muxtar respublikanın Ədliyyə Nazirliyində keçirilən qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair aidiyyəti tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb.

Səfər zamanı nazirliyin iş şəraiti ilə tanış olunub, ədliyyə işçiləri ilə görüş keçirilib. Görüşdə nazir F.Məmmədov çıxış edərək bu il 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin mənalı ömründən və zəngin dövlətçilik irsindən bəhs edib, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın xalqımıza bəxş etdiyi böyük şəxsiyyət ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb.

Ulu Öndərin Naxçıvanda fəaliyyəti dövründə respublikamızın müstəqilliyi yolunda atdığı mühüm tarixi addımları – Muxtar Respublikanın adından «sovet sosialist» sözlərinin çıxarıldığını, üç rəngli milli bayrağımızın ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olunduğunu, dünya azərbaycanlılarının həmrəyliyi gününün müəyyən edildiyini, 20 yanvar faciəsinə siyasi qiymət verildiyini, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildiyini xüsusi qeyd edib.

Bildirib ki, Ümummilli Liderin əbədi həyat verdiyi müstəqil Azərbaycan dövləti bu gün Ulu Öndərin siyasi varisi, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi özünün ən qüdrətli dövrünü yaşayır. Vətən müharibəsində doğma torpaqlarımız işğaldan azad edilərək sürətlə bərpa olunur, bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr həyata keçirilir.

Müşavirədə həmçinin, respublikamızın hərtərəfli tərəqqisinə uyğun olaraq aparılan mütərəqqi ədliyyə və məhkəmə islahatlarından danışılıb, Naxçıvanda da hüquq institutlarının inkişafı qeyd olunaraq muxtar respublikanın Ədliyyə Nazirliyinin strukturunun yeni çağırışlara uyğun təkmilləşdirilməsi, ədliyyə orqanlarının, o cümlədən məhkəmə ekspertizası fəaliyyətinin müasirləşdirilməsi, ştat vahidlərindən səmərəli istifadə olunması və digər məsələlər müzakirə olunub, tapşırıqlar verilib.

Eyni zamanda, muxtar respublikada hüquqi xidmətlərə və ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə rəqəmsal innovasiyaların geniş tətbiqi ilə bağlı tədbirlər müəyyən olunub, milli qanunvericiliyin e-qanun.az elektron resursunun Naxçıvan Muxtar Respublikası hüquqi aktların elektron bölməsi istifadəyə verilib.

Tədbirlərdə muxtar respublikanın ədliyyə orqanlarına əməli köməklik göstərmək məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov, Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi İlqar Məmmədov, İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə, Cəzaların icrasına nəzarət üzrə Müfəttişliyin rəisi Malik Ələkbərov və Vətəndaşların qəbulu şöbəsinin rəisi Kamal Hüseynov iştirak ediblər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez