05-10-2023 | 18:28 277
İki yüz milyon insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən Türk dünyası ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm prioritetlərindən olmaqla müxtəlif, o cümlədən hüquqi sahədə səmərəli əməkdaşlıq edilir, artıq Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Ədliyyə Akademiyalarının Təlim Şəbəkəsi yaradılıb.
Bunun davamı olaraq notariuslar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə cari il oktyabrın 5-də Türkiyə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Ankarada “Türk Dünyası Notariuslar Assosiasiyasının yaradılması haqqında” Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Türk dünyası ölkələrindən 500-dək nümayəndənin iştirak etdiyi tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğız respublikaları ədliyyə orqanlarının rəhbərləri, notariat palatalarının sədrləri, habelə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyev və qurumun Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım açılış nitqi ilə çıxış edib, Notariuslar Assosiasiyası ilə bağlı film nümayiş etdirilib.
Çıxış edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov ortaq tarixi köklərə bağlı olan, ölkələrimizi və xalqlarımızı birləşdirən Türk dünyasının yeni bir oyanış, dirçəliş içərisində olduğunu, TDT çərçivəsində sıx əməkdaşlığı qeyd edib, dövlətimizin başçısı İlham Əliyevin Türk ölkələrin rəhbərləri ilə görüşlərinin və mühüm sənədlərin imzalanmasının bu əlaqələrin dinamik inkişafının əyani təzahürü olduğunu vurğulayıb.
Bildirib ki, türk dövlətləri ilə ədliyyə, xüsusilə elektron xidmətlərin göstərilməsi, notariat, hüquqşünasların tədrisi və digər sahələrdə səmərəli əməkdaşlıq həyata keçirilir, qarşılıqlı səfərlər edilərək faydalı təcrübə mübadiləsi aparılır.
Nazir yeni iqtisadi reallıqlar və çağırışlar, xüsusilə dördüncü sənaye inqilabı şəraitində get-gedə rolu artan və əhaliyə çoxşaxəli və müasir xidmətlər göstərən notariusların Türk dünyası çərçivəsində vahid platformasının yaradılmasının əhəmiyyətini qeyd edib, Azərbaycanın bu sahədə müsbət təcrübəsi ilə bölüşüb.
Ölkəmizdə xüsusi notariat institutunun, “Elektron notariat” informasiya sisteminin, əhaliyə məsafədən notariat xidmətlərinin göstərilməsinə imkan verən “Mobil notariat”ın, yeni “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) innovativ xidmətin tətbiqi maraqla qarşılanıb.
Çıxış zamanı azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, torpaqlarımızın büsbütün, hətta müharibədən sonra Ermənistan tərəfindən minalanmasının bu prosesə ciddi əngəl törətdiyi, 300-dən çox insanın həlak olmasına və yaralanmasına səbəb olduğu bildirilib, qanunsuz erməni silahlı birləşmələrinə qarşı aparılan və suverenliyimizin tam bərpası ilə nəticələnən lokal xarakterli antiterror tədbirlərinə toxunulub. Azərbaycanın haqq işində türk dövlətlərinin və TDT-nin dəstəyi minnətdarlıqla qeyd olunaraq tədbir iştirakçıları tərəfindən böyük sevinc və rəğbət hissi ilə qarşılanıb.
Bildirilib ki, TDT-nin təsis məkanı Naxçıvana Zəngəzur dəhlizinin çəkilməsi xalqlarımız arasında körpü rolu oynayaraq Türk dünyasını daha sıx birləşdirəcəkdir.
Sonra türk ölkələri notariat palatalarının sədrləri tərəfindən “Türk Dünyası Notariuslar Assosiasiyasının yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb.
Tədbir iştirakçıları Memorandumun uğurlu implementasiya olunaraq notariat sahəsində ən yaxşı təcrübələri paylaşmağa, qurumlar arasında işbirliyini inkişaf etdirməyə imkan verəcəyini vurğulayıb, yeni yaradılan Notariuslar Assosiasiyasına uğurlu fəaliyyət arzulayıblar.