14-10-2023 | 12:31 143
Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin və regional ədliyyə idarələrinin birgə təşkilatçılığı ilə bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlər çərçivəsində cari ilin sentyabr-oktyabr aylarında Bakı şəhərində, Sumqayıt, Xaçmaz, Şirvan, Lənkəran, Gəncə, Şəmkir, Bərdə, İmişli, Göyçay, Şəki regional ədliyyə idarələrinin ərazi yurisdiksiyasına aid rayonlarda və Qarabağ regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Ağdam və Füzuli rayonlarında fəaliyyət göstərən bələdiyyələrin iştirakı ilə seminar-müşavirələr keçirilib.
Seminarlarda “Heydər Əliyev ili” çərçivəsində Ümummilli Liderin banisi olduğu yerli demokratiyanın inkişafı, bu sahədə bələdiyyələrin rolu və fəaliyyəti barədə çıxışlar edilib və yerli özünüidarəetmə orqanları tərəfindən Ulu Öndərin 100 illiyinə həsr olunan tədbirlərdən danışılıb, müzakirələr aparılıb.
Tədbirlərdə bələdiyyə nümayəndələrinə Bələdiyyələrlə iş mərkəzinin məsul işçiləri tərəfindən bələdiyyələrlə iş portalının tətbiqi, bələdiyyə torpaqlarının idarə olunması ilə bağlı qanunvericilikdəki yeniliklər, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında ölkə Prezidentinin Fərmanının icrası, habelə yerli vergilərin toplanmasının artırılması ilə bağlı görülən işlər barədə məlumatlar verilib.
Həmçinin bələdiyyələrin qarşısında duran digər vəzifələrə toxunulub, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd olunan tədbirlərdə 1.200-ə yaxın bələdiyyə üzv və qulluqçuları iştirak ediblər.