IMAGE

“Cinayət işlərində bərpaedici ədliyyənin rolu” mövzusunda beynəlxalq konfrans

Gürcüstan Ədliyyə Nazirliyi və Prokurorluğu tərəfindən Avropa Şurası və Avropa İttifaqı, eləcə də UNICEF-lə əməkdaşlıqda Tbilisi şəhərində “Cinayət işlərində bərpaedici ədliyyənin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

150-dən çox yerli və xarici ekspertlərin qatıldığı tədbirdə Azərbaycan Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Baş Prokurorluğun, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin və bu sahədə fəaliyyət göstərən QHT-lərin nümayəndələri iştirak ediblər.

Səfər zamanı nümayəndə heyətimizin üzvləri bu il 100 illiyini geniş qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin Tbilisidəki Ulu Öndərin adını daşıyan parkda abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

İki gün davam edən konfransın keçirilməsində məqsəd bərpaedici ədliyyə ilə bağlı təcrübə mübadiləsi, eləcə də bu sahədə əməkdaşlıq perspektivlərinin inkişaf etdirilməsi olub. Tədbirdə 2021-ci ildə qəbul edilmiş Venesiya Bəyannaməsinin həyata keçirilməsi üzrə əsas aspektlər, cinayət işləri üzrə ədalət mühakiməsi, o cümlədən yuvenal ədliyyə ilə bağlı alternativ mexanizmlər və bərpaedici ədliyyə, qanunvericilik çərçivələri, zərərçəkmişlər üçün xidmətlər, reabilitasiya prosesləri, hüquqşünasların rolu və beynəlxalq perspektivlər barədə müzakirələr aparılıb, Avropa ölkələrinin və Gürcüstanın bu sahədəki təcrübəsi ilə bağlı məlumatlar verilib, təqdimatlar nümayiş etdirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizdə uşaq və yeniyetmələrin hüquqlarının qorunması, o cümlədən cinayət, inzibati xəta, cinayət xətası törətmiş uşaqların məsuliyyətə cəlb olunması, işlərin araşdırılması, istintaq və məhkəmə zamanı onların hüquqlarının təmin edilməsi, eləcə də cinayət məsuliyyətindən azad olunan və cəzasını çəkdikdən sonra azadlığa çıxan yetkinlik yaşına çatmayan məhkumların sosial adaptasiyası və cəmiyyətə inteqrasiyası ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verib, bu sahədə UNICEF-in dəstəyini qeyd ediblər.

Müzakirələrdə fəal iştirak edən Azərbaycan tərəfinin mövzu ilə bağlı verdiyi məlumatlar, irəli sürülən rəy və təkliflər maraqla qarşılanıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez