17-10-2023 | 19:22 230
Oktyabrın 17-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarçanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dost və qardaş ölkələrimiz arasında münasibətlərin bu il 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" prinsipinə uyğun uğurla inkişaf etdiyini bildirən nazir əlaqələrimizin Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.
17 oktyabr – Füzuli şəhəri gününə təsadüf edən görüşdə xalqımızın Vətən müharibəsində qazandığı şanlı zəfər günlərini qeyd etdiyi, lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyimizin tam təmin olunduğu bildirilərək bu ərəfədə, dövlət başçısının fəaliyyətinin iyirminci ildönümündə Xankəndi və digər ərazilərimizdə üçrəngli bayrağımızın ucaldıldığı vurğulanıb, Azərbaycanın haqq işində qardaş Türkiyənin qəti siyasi və mənəvi dəstəyi qeyd olunub.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq özünü doğma Vətənindəki kimi hiss etdiyini, səfərin Ulu Öndərin yubiley ilinə və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsinə təsadüf etdiyini bildirib, xalqlarımızın vahid millət olaraq bir-birini daim dəstəklədiyini qeyd edərək Qarabağ zəfəri və Xankəndidə Azərbaycan Bayrağının ucaldılması ilə bağlı təbrikini ifadə edib, sevincini bölüşüb.
Söhbət zamanı Azərbaycan və Türkiyənin həm ikitərəfli, həm beynəlxalq qurumlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığı, dövlətlərimizin başçılarının səyləri sayəsində Türk dünyasının getdikcə inkişaf etdiyi bildirilib.
F.Məmmədov bu əlaqələrin hüquqi sahəni də əhatə etdiyini, artıq Ədliyyə akademiyalarının türk şəbəkəsinin təsis olunduğunu qeyd edib, cari ayın əvvəlində Ankarada Türk Dünyası Notariuslar Birliyinin yaradılması ilə bağlı tədbirdə iştirakını və həmkarı Y.Tunc ilə məhsuldar görüşünü xatırladıb, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçiriləcək türk dövlətlərin Ali məhkəmələrinin təsis konfransının əhəmiyyətinə toxunub.
M.Akarça ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə ciddi irəliləyişə nail olunduğunu vurğulayıb, Azərbaycanın Qarabağ Zəfərinin türk dünyasına yeni bir güvən və ortaq əməkdaşlıq imkanı yaratdığını söyləyib, Şuşada keçiriləcək konfransda Türk Dövlətləri Təşkilatı Ali Məhkəmələrinin Birliyinin yaradılmasının qarşılıqlı fəaliyyətə mühüm töhfə verəcəyini söyləyib.
Tədbirdə hər iki ölkənin məhkəmə-hüquq sistemi barədə səmərəli müzakirələr aparılaraq bu sahədə həyata keçirilən islahatlara və tətbiq olunan yeniliklərə qarşılıqlı maraq göstərilib, təcrübə mübadiləsinin hər iki tərəf üçün faydası qeyd olunub.
Qonaqlar nazirlikdə ədliyyə tarixinə, Vətən müharibəsində Böyük Qələbəmizə və azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə həsr olunan Zəfər muzeyləri ilə tanış olublar. Bildirilib ki, xalqımız bu il 18 oktyabr – Müstəqilliyimizin Bərpası Gününü ölkəmizin hər yerində suverenliyini tam bərpa edən müzəffər xalq olaraq yüksək qürur hissi ilə qeyd edir.