27-02-2013 | 04:02 756
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı ədliyyə islahatları çərçivəsində penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması, müasir infrastrukturun yaradılması üzrə ardıcıl tədbirlər görülür, bu sahədə davamlı olaraq səmərəli ictimai nəzarət mexanizmi - İctimai Komitə fəaliyyət göstərir.
Vətəndaş cəmiyyəti ilə hüquq mühafizə orqanları arasında faydalı əməkdaşlıq mexanizmi kimi qiymətləndirilən İctimai Komitə tərəfindən penitensiar müəssisələrə 300-dən çox başçəkmə həyata keçirilmiş, 400-dən artıq məhkuma hüquqi yardım göstərilmiş, onların saxlanma şəraiti, məhkumlara yüksək ixtisaslı tibbi xidmətin göstərilməsi prosesi müşahidə olunmuş, islah işində yaxından iştirak edilmişdir.
Komitənin monitorinqlərin nəticələri üzrə Ədliyyə Nazirliyinə təqdim etdiyi hesabatlar və tövsiyələr təhlil olunaraq zəruri tədbirlər görülmüş, ictimaiyyətə müntəzəm açıqlamalar verilmişdir.
Cari il martın 1-də İctimai Komitənin hazırki tərkibinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar həmin qurumu formalaşdıran tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti orqanların təmsilçilərindən ibarət olan Seçki Komissiyası ilə fevralın 27-də hesabat görüşü keçirilmişdir.
İclasda Komitənin cari ildə gördüyü işlər barədə məlumat dinlənilmiş, məhkumların hüquqlarının qorunması, onların islahı üzrə tədbirlərdə qurumun əhəmiyyətli töhfələr verdiyi, azadlıqdan məhrum edilmiş şəxslərin sosial adaptasiyasına dair müxtəlif layihələrin həyata keçirildiyi bildirilmiş, Komitənin Penitensiar sistemdə səmərəli ictimai nəzarət mexanizmi kimi müsbət təcrübəsinin nüfuzlu beynəlxalq təşkilatların diqqətini cəlb etdiyi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, İctimai Komitənin yeni tərkibinin formalaşdırılması barədə kütləvi informasiya vasitələrində müvafiq elanlar verilərək qeyri-hökumət təşkilatları və hüquq müdafiəçiləri qurumun fəaliyyətində iştirak etməyə dəvət olunmuşlar.
Eyni zamanda, qurumun illik hesabatına dair faydalı fikir mübadiləsi aparılmış, Seçki Komissiyası tərəfindən diqqət yetirilməsi vacib olan məsələlər müzakirə olunmuş, gələcək fəaliyyəti ilə bağlı tövsiyələr verilmişdir.
Tədbirdə qarşılıqlı maraq doğuran suallara aydınlıq gətirilmişdir.