ATƏT ölkəmizlə hüquqi əməkdaşlığın inkişafında maraqlıdır

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşmüşdür.

Qonağı səmimi salamlayan nazir dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, müasir məhkəmə binalarının inşası, hakimlərin sayının artırılması, onların Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və tədrisi barədə məlumat vermiş, habelə ədliyyə və penitensiar sistemin inkişafından, məhkumlara göstərilən tibbi xidmətin yaxşılaşdırılmasından, səmərəli ictimai nəzarətin tətbiqindən danışmış, ATƏT-lə səmərəli qarşılıqlı fəaliyyəti qeyd etmişdir.

ATƏT-in ölkəmizlə sıx əməkdaşlıq etdiyini bildirən səfir qısa zamanda məhkəmə-hüquq sistemində aparılan uğurlu islahatları, o cümlədən dövlətimizin bu sahəyə maliyyə ayırmalarının yüksək olmasını, infrastrukturun müasirləşdirilməsini, ən son İKT-lərin tətbiqini, habelə məhkumların hüquqlarının genişləndirilməsini və Avropa standartlarına uyğun müasir penitensiar müəssisələrin yaradılmasını təqdir etmişdir.

Söhbət zamanı Azərbaycanın müstəqillik illərində dinamik inkişaf yolu keçdiyi və davamlı iqtisadi dirçəlişi vurğulanaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusi qeyd olunmuşdur.

K.Tarqay Azərbaycanın ədliyyə və məhkəmə sahəsindəki nailiyyətlərinin beynəlxalq aləmdə geniş təbliğ olunmasının əhəmiyyətini bildirmiş, Ədliyyə Nazirliyi ilə səmərəli və işgüzar münasibətlərdən məmnunluğunu ifadə edərək, qarşılıqlı fəaliyyətə dair konkret təkliflər irəli sürmüşdür.

Görüşdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakimlərin və ədliyyə işçilərinin tədrisi, inzibati ədliyyənin inkişafı və digər sahələrdə əməkdaşlığın prioritetlərinə dair faydalı fikir mübadiləsi aparılmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez