IMAGE

Məhkəmə Ekspertizası Mərkəzinin beynəlxalq əlaqələri genişlənir

Türkiyənin aparıcı tədris müəssisələri olan Ankara, Çukurova və Ege universitetlərinin, Məhkəmə Ekspertizası Elmləri, habelə Narkomaniya, Toksikologiya və Əczaçılıq Elmləri institutlarının rəhbər şəxsləri və alimləri ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində görüş keçirilib.

Mərkəzin rəisi Elçin Qasımov Türkiyə Respublikasının yaradılmasının 100 illiyinin təntənəli qeyd edildiyi tarixi dönəmdə mötəbər alimlərdən ibarət nümayəndə heyətinin Bakıya səfərini və Məhkəmə Ekspertizası Mərkəzinə gəlişini böyük məmnunluq hissi ilə qeyd edib.

Görüşdə iki qardaş ölkənin – Türkiyə ilə Azərbaycan münasibətlərinin Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinə əsaslanaraq müttəfiqlik səviyyəsinə çatdırılması, bütün sahələrdə əməkdaşlığın güclənməsi, beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi vurğulanıb. Qeyd olunub ki, qardaş Türkiyənin siyasi, diplomatik, mənəvi dəstəyi ilə Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən Ermənistanın 30 illik işğalına son qoyularaq dövlətçilik tariximizin ən şərəfli səhifələri yazılıb.

Görüşdə bildirilib ki, demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Hər sahədə olduğu kimi, məhkəmə ekspertizası ilə bağlı köklü islahatlar aparılıb, o cümlədən beynəlxalq əlaqələr genişləndirilərək Türkiyə və Azərbaycan məhkəmə ekspertizası idarələri arasında səmərəli əməkdaşlıq qurulub.

Həmçinin, Azərbaycanda məhkəmə ekspertizasının hüquqi və təşkilati əsasları, bu fəaliyyətin keyfiyyətinin yüksəldilməsi məqsədilə qanunvericiliyə edilmiş son dəyişikliklər, tədqiqatların beynəlxalq akkreditasiyası və inkişaf perspektivləri barədə qonaqlara ətraflı məlumat verilib.

Ankara Universitetinin rektoru, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun prezidenti olmuş və xüsusi xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif edilmiş Prof.Dr. Necdet Ünüvar Qarabağ məsələsinin həll edilməsi, torpaqlarımızın işğaldan azad olunması, sürətli quruculuq və bərpa işlərinin aparılması və vətəndaşlarımızın doğma torpaqlarına geri qayıtması ilə bağlı xalqımızı təbrik edib, Türkiyə Cümhuriyyətinin ilk universiteti olan Ankara Universitetinin tarixi, fəaliyyət istiqamətləri və uğurları, eləcə də səfərin məqsədləri barədə ətraflı məlumat verib.

Ankara Universiteti Məhkəmə Ekspertizası Elmləri İnstitutunun direktoru Prof.Dr. Nebile Dağlıoğlu “Yeni növ psixoaktiv maddələrin tullantı sularda stabilliyi və eyni zamanlı analizi metodlarının işlənib hazırlanması” mövzusunda elmi araşdırma layihəsi üzrə Türkiyə, Azərbaycan və Özbəkistanın müxtəlif qurumları ilə birgə fəaliyyət çərçivəsində icra edilən işlərdən, bu əməkdaşlığın gələcək birgə fəaliyyətlərə yaratdığı imkanlardan danışıb.

Ege Universiteti Narkomaniya, Toksikologiya və Əczaçılıq Elmləri İnstitutunun direktoru Prof.Dr. Serap Annette Akgür qeyd edilən layihənin məqsədi və perspektivləri barədə məlumat verərək, onun tullantı sularda narkotik maddə miqdarının təyini məqsədilə həyata keçirildiyini, aparılan tədqiqatların nəticələrinin kriminoloji profilaktik tədbirlərin müəyyənləşdirilməsi və tətbiqindəki əhəmiyyətini açıqlayıb.

Görüşdə məhkəmə ekspertizasının aktual məsələləri üzrə faydalı fikir mübadiləsi aparılıb, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Mərkəzdə həyata keçirilən tədqiqatlar barədə məlumat verilib. Qonaqlar Mərkəzin laboratoriyalarının iş fəaliyyəti ilə bilavasitə tanış olublar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez