17-11-2023 | 18:40 139
Noyabrın 17-də Bakıda "Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan: nailiyyətlər və perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Avropa İnsan Hüquqları Konvensiyasının qüvvəyə minməsinin 70 illiyinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, konfransın açılışında çıxış edən Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova Azərbaycanda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi sahəsində səmərəli təminat mexanizmlərinin yaradılmasının daim diqqət mərkəzində olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra insan hüquqlarının təminatı dövlətimizin ali məqsədi kimi bəyan edilib, ilk milli Konstitusiyamızın üçdəbir hissəsi məhz insan hüquq və azadlıqlarına həsr olunub. Azərbaycanda ölüm cəzasının ləğv edilməsi, humanist ideyaların davamlı təşviqi və tətbiqi, insan hüquqlarına dair fundamental sənədlərin qəbulu, Ombudsman institutunun yaradılması, milli fəaliyyət planlarının qəbul olunaraq davamlı həyata keçirilməsi dövlətimizin insan hüquqlarına, onun etibarlı təminatına nə dərəcədə ciddi münasibət bəslədiyini göstərir.
Eyni zamanda, ölkəmizin bu sahədə mühüm əhəmiyyət kəsb edən bir sıra beynəlxalq sənədlərə, o cümlədən İnsan hüquqları üzrə Avropa Konvensiyasına qoşulması universal normaların real həyata keçirilməsinə geniş imkan yaradıb.
"2001-ci ildən Avropa Şurasına üzv olan Azərbaycanda Avropa konvensiyasının, Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsinə və tətbiqinə daim xüsusi önəm verilir. Həmin məqsədlə tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif tədris tədbirləri, konvensiyanın tətbiqi problemləri ilə bağlı təlimlər təşkil olunur, Avropa Şurası ilə birgə Ədliyyə Akademiyası tərəfindən xüsusi layihələr təşviq edilir, bu sahədə aktual mövzular akademiyanın təlim proqramlarına daxil edilərək mütəmadi tədris olunur. Yeri gəlmişkən, bu yaxınlarda Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Avropa Şurasının dəstəyi ilə “Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü və 6-cı maddələri üzrə hüquqşünaslar üçün təlimlərin həyata keçirilməsi” layihəsi çərçivəsində ədliyyə işçiləri üçün həm Bakıda, həm bölgələrdə çox maraqlı təlimlər keçirilib", - deyə A.Sabitova qeyd edib.
Avropa Şurasının Azərbaycan Respublikasındakı ofisinin rəhbəri Petr Zix Avropa İnsan Hüquqları Məhkəməsinin 2022-ci ilə qədər 25 min 674 qərar çıxardığını diqqətə çatdırıb. Onun sözlərinə görə, 2023-cü ilin iyun ayına qədər 25 min 34 qərar və dostyana həll yolu icra edilib.
"Həmin qərarlar müxtəlif qanunvericilik aktlarında dəyişikliklərə səbəb olub. Avropa İttifaqına üzv olan ölkələrdə insanlar Avropa İnsan Hüquqları Konvensiyasının qoruması altına düşüblər. Bəzi hallarda vətəndaşlar başa düşməyiblər ki, onların hüquqlarının mühafizəsində təkmilləşmələr baş verib", - deyə P.Zix bildirib.
O vurğulayıb ki, 2023-cü ilin mayında İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Avropa Şurasının Sammitində Avropa Məhkəməsinin qərarlarının milli səviyyədə icrasının əksər hallarda o qədər də qənaətbəxş olmadığı qeyd olunub. Buna görə də Avropa Şurası ölkələr üzrə xüsusi uyğunlaşdırılmış yanaşma həyata keçirir, qərarların icrası ilə bağlı danışıqlar aparır. Avropa Şurasının Bakı ofisi də prosesdə yaxından iştirak edir.
Azərbaycanın Avropa Şurasına 2001-ci ildən etibarən üzv olduğunu deyən P.Zix həmin vaxtdan etibarən ölkəmizin Avropa İnsan Hüquqları Konvensiyasına, ümumilikdə isə, 70-dən artıq Avropa Şurası konvensiya və sazişlərinə qoşulduğunu bildirib: "Azərbaycanın məhkəmə hakimiyyəti həmin sazişləri uğurla tətbiq edir. Bu günə qədər Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 2 minə qədər müraciət alıb, 300 qərar icra edilib. Qərarların icrası istiqamətində Azərbaycanda müsbət tendensiyalar müşahidə olunur. Həll olmuş işlərin sayında irəliləyişlər var. Hazırda Azərbaycanda "Avropa qərarlarının icrasının təkmilləşdirilməsinə dəstək” layihəsi icra olunur. Burada məhkəmə sahəsində fəaliyyətin təkmilləşdirilməsi tələb olunur. Sevindiricidir ki, Azərbaycanla çox müsbət əməkdaşlıq təcrübəsi həyata keçiririk”.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Zaur Əliyev insan hüquqlarının müdafiəsi sahəsində ən mühüm amillərdən birinin insan hüquqlarının tədrisi məsələsi olduğunu deyib. O, bu baxımdan BMT-nin İnsan hüquqları üzrə təhsil və təlim Bəyannaməsinin, həmçinin Bolonya bəyannaməsinin və digər vacib prinsiplərin əsas tutulduğunu deyib.
"Hüquq fakültəsində Avropa İnsan Hüquqları Konvensiyasına çox böyük önəm verilir. Konvensiya tədris proqramlarına daxil edilib. Həmçinin hüquq fakültəsində bakalavr və magistratura pilləsində xüsusi fənlər tədris olunur", - deyə fakültə dekanı qeyd edib.
Tədbir məruzə və təqdimatlarla davam edib. Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynovun "İnsan hüquqlarının və azadlıqlarının müdafiəsində Avropa İnsan Hüquqları Məhkəməsinin rolu", Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərovun "Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan", Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin "Avropa İnsan Hüquqları Konvensiyasının konstitusiya ədalət mühakiməsinə təsiri", Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun "Azərbaycanın Avropa hüquq məkanına inteqrasiyasında Ulu Öndərin rolu", Milli Məclisin deputatı, AŞPA İnsan Hüquqları Altkomitəsinin sədri Kamal Cəfərovun "Avropa Şurası Parlament Assambleyası və Azərbaycan", Avropa İnsan Hüquqları Məhkəməsi Katibliyinin baş hüquqşünası Xaqani Quliyevin "Avropa İnsan Hüquqları Konvensiyasının beynəlxalq hüquqda yeri", Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədovun "Avropa İnsan Hüquqları Konvensiyasının təşviqində Vəkillər Kollegiyasının rolu", Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilovun "Keyfiyyətli hüquq xidmətlərinin təmin edilməsində mediasiyanın unikal yeri və rolu", Bakı Dövlət Universiteti Hüquq fakültəsinin IV kurs tələbəsi Səyad Ələkbərovun Hüquq fakültəsinin “Tələbədən tələbəyə” layihəsi çərçivəsində Avropa İnsan Hüquqları Konvensiyasının tədrisi mövzularında çıxışları dinlənilib, müzakirələr aparılıb.