Ədliyyə orqanlarında şəffaflıq təmin olunur

Martın 7-də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində mətbuat konfransı keçirilmişdir.

Nazirliyin məsul şəxslərinin və aidiyyəti qurumlarının əməkdaşlarının iştirak etdikləri tədbirdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, bu sahədə şəffaflığın artırılması və qanunçuluğun möhkəmləndirilməsi, bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, Ədliyyə Nazirliyi tərəfindən fəaliyyətin şəffaflıq əsasında həyata keçirilməsinə, ictimaiyyətin mütəmadi məlumatlandırılmasına xüsusi önəm verilir, bu sahədə kütləvi informasiya vasitələri ilə səmərəli qarşılıqlı əməkdaşlıq edilir.

Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə ölkəmizdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.

Bildirilmişdir ki, respublikamızda yerli özünüidarəetmənin yaradılması prosesi Konstitusiyada bələdiyyələrin təşkilinin və fəaliyyətinin əsas prinsiplərinin təsbit edilməsi ilə başlanmışdır. 1999-cu ildə Azərbaycan tarixində ilk dəfə bələdiyyə seçkiləri keçirilmiş, ölkədə bələdiyyə institutu formalaşdırılmışdır.
Vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda demokratiyanın təşviqi, yerli özünüidarənin inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində bələdiyyələrin fəaliyyəti təkmilləşmişdir. Bu sahədə qanunvericilik möhkəmlənmiş, bələdiyyələrin milli assosiasiyaları təsis olunmuş, inzibati nəzarətin konstitusion statusu təsbit edilmiş, bələdiyyələrin iqtisadi resurslarından istifadənin səmərəsi yüksəldilmişdir.

Hazırda respublikanın sosial-iqtisadi inkişafı prosesində yaxından iştirak edən bələdiyyələr əhalinin mənafeyi naminə yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll edirlər.

Bələdiyyələrin fəaliyyətinə səmərəli inzibati nəzarətin həyata keçirilməsi Ədliyyə Nazirliyinə həvalə olunmuş, Azərbaycan Prezidentinin 2006-cı il 17 avqust tarixli Fərmanı ilə nazirliyin strukturunda Bələdiyyələrlə İş Mərkəzi yaradılmışdır. Eyni zamanda, regional ədliyyə şöbələri təsis olunaraq onlara yerlərdə bələdiyyələrə metodiki köməkliyin göstərilməsi və inzibati nəzarətin həyata keçirilməsi səlahiyyəti verilmişdir.

Son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən inzibati nəzarət mexanizminin səmərəliliyinin artırılması, bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi və şəffaflığın təmin olunması, onlara göstərilən metodoloji yardımın yaxşılaşdırılması, bələdiyyə qulluqçuları və üzvlərinin maarifləndirilməsi istiqamətində əməli tədbirlər görülür və bu proses hazırda da davam etdirilir.

Sonda jurnalistlərin sualları cavablandırılmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez