30-11-2023 | 19:40 266
Azərbaycan-Belarus dostluq və səmərəli əməkdaşlıq münasibətlərində hüquqi əlaqələr xüsusi yer tutur. Belə ki, iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair müxtəlif sahələri əhatə edən sazişlər imzalanaraq uğurla icra olunur, ədliyyə nazirlərinin qarşılıqlı səfərləri həyata keçirilərək, mötəbər beynəlxalq tədbirlərdə iştirak edilir, faydalı fikir və təcrübə mübadiləsi aparılır.
Əməkdaşlığın genişləndirilməsi məqsədilə Belarusun ədliyyə nazirinin dəvəti ilə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə noyabrın 28-29-da Minskdə səfərdə olub. Nümayəndə heyətinin tərkibinə nazirliyin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov, Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi İlqar Məmmədov və Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov daxil olunub.
Səfər zamanı ölkəmizin Belarusdakı Səfirliyinə baş çəkilib, bu il 100 illiyini geniş qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsinə dərin ehtiram bildirilib. Həmçinin Qələbə meydanı ziyarət olunaraq Zəfər abidəsinin önünə əklil qoyulub.
Azərbaycan və Belarus ədliyyə nazirləri arasında nümayəndə heyətlərinin iştirakı ilə dəyirmi masa keçirilib.
Tədbirdə ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun xüsusi rolu vurğulanıb, hüquqi sahədə səmərəli qarşılıqlı fəaliyyətə toxunularaq əməkdaşlığın dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğu qeyd olunub.
Belaruslu nazir Sergey Xomenko ədliyyə sistemində yeni çağırışlara uyğun aparılan islahatlar barədə məlumat verib, Azərbaycanla səmərəli hüquqi əməkdaşlığı, ölkəmizin nailiyyətlərindən bəhrələnildiyini qeyd edib, əlaqələrin genişləndirilməsinə hazır olduğunu söyləyib. Belarusun Ədliyyə Nazirliyinin fəaliyyətinə həsr olunan film nümayiş olunub və ayrı-ayrı istiqamətləri əks etdirən təqdimatlar keçirilib.
Nazir F.Məmmədov ədliyyə sahəsində yeniliklər, o cümlədən infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlər, rəqəmsal innovasiyalar tətbiq olunmaqla məsafədən əhaliyə göstərilən elektron və mobil xidmətlər barədə məlumat verib. “Mobil notariat” brendi, müxtəlif ədliyyə xidmətlərinin eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsini təmin edən yeni “ƏNTEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) innovativ xidmət platforması böyük maraqla qarşılanaraq təqdir olunub.
Tədbirdə Azərbaycan və Belarus Ədliyyə nazirlikləri arasında maraq doğuran fəaliyyət istiqamətləri üzrə, o cümlədən qanunvericilik, ədliyyə sahəsində dövlət xidmətlərinin göstərilməsi, innovasiyaların tətbiqi, hüquqşünasların tədrisi və s. üzrə təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutan Əməkdaşlıq Proqramı imzalanıb. Nazirlər yeni sənədin iki ölkənin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə və yaxşı təcrübələrin bölüşülməsinə mühüm töhfə olacağını bildiriblər. Sonda ölkəmizdə həyata keçirilən islahatlara və nailiyyətlərə böyük maraq göstərilərək yerli media nümayəndələri nazir F.Məmmədovdan müsahibə alıblar.
Səfər zamanı həmçinin, Məhkəmə Ekspertizaları Dövlət Komitəsinin rəhbərliyi ilə görüş keçirilərək əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılıb. Bildirilib ki, 2012-ci ildə Prezident İlham Əliyevin Belarusa səfəri zamanı iki ölkə arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Nümayəndə heyətləri müntəzəm səfərlər edərək, məhkəmə ekspertizası, o cümlədən özəl ekspertiza institutunun tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparılır.
Eyni zamanda nazir F.Məmmədovun Ali Məhkəmənin sədri, görkəmli hüquqşünas Valentin Sukalo ilə görüşü olub. Görüşdə iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında səmərəli əməkdaşlıqdan, beynəlxalq hüquqi yardım sahəsində qarşılıqlı fəaliyyətdən məmnunluq ifadə olunub, V.Sukalo Azərbaycana səfərini və Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfransda iştirakını xatırladıb.
Məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılaq ölkəmizin bu sahədə beynəlxalq aləmdə təqdir olunan nailiyyətlərinə, o cümlədən “Elektron məhkəmə” sisteminin tətbiqinə maraq göstərilib.
Keçirilən görüşlərdə Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş ərazilərimizin bərpası ilə bağlı görülən işlər, bu prosesə ciddi əngəl törədən, çoxsaylı insanların ölümünə və yaralanmasına səbəb olan Ermənistanın mina terroru barədə məlumat verilib, bununla bağlı xüsusi broşürlər təqdim edilib.
Səfər çərçivəsində nümayəndə heyətimiz tərəfindən Minskdə notariat, Azərbaycanın “ASAN xidmət” brendinə uyğun yaradılmış “Bir pəncərə” xidmətlərinin fəaliyyəti ilə tanış olunub, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə baş çəkilib, orada veteran şəxslərin nikahlarının əlamətdar yubiley tədbirində iştirak edilib.
Həmçinin Minsk şəhərinin əsas rəmzlərindən olan Belarus Milli Kitabxanasının fəaliyyəti, zəngin və nadir ədəbiyyat fondu barədə maraqlı məlumatlar verilib, nazirliyin fəaliyyətinə dair elektron təqdimatlar keçirilərək təcrübə mübadiləsi aparılıb, habelə Belarusun brendi olan özünəməxsus istehsal sahələri ilə tanışlıq təşkil edilib.
Dostluq və səmərəli əməkdaşlıq şəraitində keçən tədbirlərdə ölkəmizin Belarusdakı səfiri Ülvi Baxşəliyev iştirak edib.