IMAGE

Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinin təşkilinə davamlı metodoloji köməklik göstərilir

Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzi tərəfindən noyabrın 28-dən dekabrın 6-dək Bələdiyyələrin Mili Assosiasiyalarının məsul nümayəndələrinin, Bakı və region bələdiyyələrinin iştirakı ilə seminar-müşavirələr keçirilib.

Tədbirlərdə Ümummilli Liderin 100 illiyi münasibətilə elan olunmuş “Heydər Əliyev İli”ndə yerli özünüidarəetmə orqanlarında Ulu Öndərin zəngin irsinə həsr olunan tədbirlərdən bəhs olunub, Nazirlik tərəfindən bələdiyyələrin hüquqi maarifləndirilməsi və onlara fəaliyyətlərinin qanunauyğun qurulmasına metodoloji köməklik göstərilməsi üzrə tədbirlərin davam etdirildiyi bildirilib. Bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması məqsədilə yerli büdcə gəlirlərinin artırılması məsələlərinin daim diqqətdə saxlanıldığı, son illər görülmüş tədbirlər nəticəsində 100 minlərlə uçotdan kənarda qalan vergitutma obyektinin uçota alındığı, vergi borcları üzrə minlərlə inzibati akt qəbul edilərək məcburi icraya yönəldildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, ölkə üzrə bələdiyyə büdcələrinin gəlirləri 2021 və 2022-ci illərdə əvvəlki illə müqayisədə 12,4 milyon manat (35%), o cümlədən yerli vergilərdən daxil olmalar isə 6 milyon manat (43%) artıb. Cari ildə də yerli büdcə gəlirlərində artım dinamikası davam edib. Belə ki, ümumi yerli büdcə gəlirləri 9 ayda 3,9 milyon manat (11,4%), o cümlədən yerli vergilərdən daxil olmalar 1,7 milyon manat (11,6%) çoxalıb.

Bələdiyyələr tərəfindən pul tələbinə dair 2020-ci ildə təxminən 800 inzibati akt qəbul edilibsə, 2021-2022-ci illərdə 13 mindən çox belə akt qəbul olunaraq məcburi icraya yönəldilib və ümumilikdə 1,4 milyon manata yaxın vergi borcu məcburi qaydada bələdiyyə büdcələrinə ödətdirilib. Ümumi büdcə gəlirlərinin 1/3 dəfədən çox artması diqqətəlayiq olsa da, bələdiyyələrin öz vəzifələrini daha səmərəli yerinə yetirmələri, bu sahədə daha ciddi nəticələrə nail olunması üçün sistemli tədbirlər həyata keçirilməkdədir.

Tədbirlərdə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) bələdiyyələrin vergi işinin səmərəli təşkilində əhəmiyyətinə toxunularaq onun proqram təminatının təkmilləşdirildiyi, Əmlak Məsələləri Dövlət xidmətinin elektron bazasına inteqrasiya edildiyi qeyd olunub. Bildirilib ki, artıq hər bir bələdiyyənin BAMS-da öz inzibati ərazisində üzərində fiziki şəxslərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış daşınmaz əmlak, o cümlədən torpaq sahələrinin, başqa sözlə, yerli əmlak və torpaq vergisi obyektlərinin sayı, ümumi sahəsi barədə məlumatlarla tanış olmaq, həmçinin müvafiq ödəniş etməklə onlayn qaydada bir neçə dəqiqə ərzində həmin obyektlər barədə məlumatları əldə edərək vergi uçotuna götürmək imkanı yaradılıb. Uçota götürülmüş vergitutma obyektləri üzrə vergilərin, o cümlədən vergi borclarının, peniyaların məbləği proqram vasitəsilə avtomatik qaydada hesablanaraq vergi ödəyicisinə göndərilməli bildirişin mətni tərtib olunur.

Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin qarşısında duran vergi uçotunun tam və dəqiq qurulmasının təmin olunması ilə bağlı vəzifələrin icrasının düzgün və səmərəli təşkili məqsədilə ardıcıl işlər aparılır. Seminar müşavirələrdə həmin yeniliklər barədə bələdiyyələrə ətraflı izah və tövsiyələr verilib.

Məlumat verilib ki, fiziki şəxslər tərəfindən daşınmaz əmlak alqı-satqı edilərkən həmin əmlaklar üzrə yerli vergi borclarının həll edilməmiş qalması ilə bağlı bələdiyyə ictimaiyyətini narahat edən məsələnin də innovativ yolla həlli məqsədilə BAMS-ın Nazirliyin “Elektron Notariat” informasiya sistemi, eləcə də Bələdiyyələrlə iş Portalı ilə inteqrasiyası üzrə işlər aparılır.

Qeyd olunan tədbirlər bələdiyyələrin büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artımına müsbət təsir göstərəcəkdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez