Ədliyyə Nazirliyində yeni dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının təsisçiləri ilə görüş keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə tədbirlər davam etdirilir.

Bununla əlaqədar Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının təsisçiləri ilə görüş keçirilmiş, son dövrlər ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, işin səmərəliliyinin daha da artırılması, vətəndaş cəmiyyəti institutlarından olan qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün geniş imkanların yaradılması vurğulanmışdır.

Görülmüş işlərin nəticəsi olaraq, ölkəmizdə dövlət qeydiyyatına alınmış 3800-dən artıq qeyri-kommersiya hüquqi şəxslərdən 2800-dən çoxunu qeyri-hökumət təşkilatları təşkil edir.

Bu qurumlarla qarşılıqlı fəaliyyətin genişləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin strukturunda Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin yaradılması, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində "Qeyri-kommersiya hüquqi şəxslər" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin formalaşdırılaraq istifadəyə verilməsi diqqətə çatdırılmış, QHT-lərin fəaliyyətinin asanlaşdırılması üçün elektron xidmətlərin tətbiqi üzrə tədbirlərin həyata keçirilməsi barədə məlumat verilmiş, ədliyyə fəaliyyətinin bir sıra sahələri üzrə QHT-lərlə əməkdaşlıq məsələlərinə toxunulmuşdur.

Eyni zamanda, görüş iştirakçılarına maarifləndirmə məqsədilə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair qanunvericiliyin tələbləri barədə məlumat verilmiş, müvafiq metodiki köməklik göstərilmiş, zəruri hallarda səlahiyyətlərinə uyğun məsələlər üzrə nazirliyin aidiyyəti qurumuna müraciət etmələri tövsiyə olunmuşdur.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülən işləri yüksək dəyərləndirmiş və belə görüşlərin təşviq olunmasının ictimaiyyətlə əlaqələrin daha da gücləndirilməsinə xidmət etdiyini bildirmişlər.

Sonda yeni dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarına müvafiq şəhadətnamələr və təsis sənədləri təqdim edilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez