15-12-2023 | 19:00 103
Ədliyyə Nazirliyinin və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi diqqətdə saxlanılaraq Şimali Kipr Türk Respublikası və Bosniya və Herseqovina bələdiyyələrinin nümayəndələrinin iştirakı ilə videokonfrans formatında görüşlər keçirilib.
Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibinin və ölkə üzrə 30-dan artıq bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən konfransların əsas məqsədi yerli özünüidarəetmə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması olub.
Tədbirlərdə Azərbaycan Respublikasında bələdiyyə institutunun inkişaf tarixi, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazasının məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu, bələdiyyələrin hüquqi statusunun ilk dəfə dahi liderin bilavasitə müəllifliyi ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası əsasında müəyyən edildiyi bildirilib. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə müasir çağırışlara uyğun görülən tədbirlər, bələdiyyələrin ölkəmizin ictimai-sosial, iqtisadi həyatında rolunun getdikcə artması barədə məlumatlar verilib.
Yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsinin səmərəliliyi, qeyd edilən ölkələrin yerli özünüidarəetmə orqanları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi dost ölkələr arasında əlaqələrin genişlənməsində bələdiyyələrarası münasibətlərin xüsusi əhəmiyyətini qeyd edib, keçirilən tədbirlərin önəmini vurğulayıb.
Konfranslarda yerli büdcənin formalaşmasında əsas gəlir mənbələri, mehmanxana, sanatoriya-kurort və turizm xidməti göstərən şəxslərdən ödənişlərin alınması, yerli əhalinin rifahının yaxşılaşdırılması məqsədilə bələdiyyələr tərəfindən qəbul edilən iqtisadi layihələr haqqında, həmçinin bələdiyyələrin fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqi və digər məsələlər ilə bağlı müzakirələr aparılıb. Bu sahələrdə Şimali Kipr Türk Respublikası bələdiyyələrinin (Girnə,Gönyeli-Alayköy) və Bosniya və Herseqovina (Srebrenik və Gracanica) bələdiyyələrinin nümayəndələrinin müsbət təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.