20-12-2023 | 10:00 280
Müstəqillik dövründə ölkəmizdə ailə dəyərlərinin möhkəmləndirilməsi və ailə institutunun inkişafı bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin müəllifi olduğu ilk milli Konstitusiyamızda ailə cəmiyyətin özəyi kimi təsbit edilmiş və dövlətin xüsusi himayəsində olaraq ailənin müdafiəsinə, onun sosial quruluşunun və nüfuzunun qorunmasına təminat verilmişdir. 1999-cu ildə qəbul olunmuş Ailə Məcəlləsində isə ailə münasibətlərinin normal hüquqi əsaslar üzərində qurulması və davam etdirilməsi üçün hərtərəfli hüquqi baza yaradılmışdır.
Ümummilli Liderin əsasını qoyduğu ailə siyasəti ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam və inkişaf etdirilərək ailə institutunun möhkəmləndirilməsi, onun sosial rifahının yaxşılaşdırılması, ailə üzvlərinin hüquqlarının müdafiəsi ilə bağlı mühüm dövlət proqramları həyata keçilir.
Nikah yaşının tənzimlənməsi və nikaha məcbur etmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, nikahdan əvvəl tərəflərin tibbi müayinədən keçməsinin məcburi olması, gender bərabərliyinin təmin olunması, məişət zorakılığının qarşısının alınması ilə bağlı görülən məqsədyönlü tədbirlər ailə institutunun möhkəmləndirilməsinə xidmət edir.
Bu sahədə gənclər arasında maarifləndirmə işinin aparılması xüsusi əhəmiyyət kəsb edir.
Bununla bağlı respublika Nazirlər Kabinetinin 23.06.2020-ci il tarixi Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”na uyğun olaraq mütəmadi maarifləndirici tədbirlər keçirilir.
Cari ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən əhali arasında erkən nikah mövzusuna həsr olunan 96 maarifləndirmə tədbiri həyata keçirilib, həmçinin nikaha daxil olmaq üçün müraciət etmiş 197 erkən nikah yaşında olan (18 yaşadək) gənc erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mümkün ola biləcək mənfi təsiri barədə məlumatlandırılıb.
Eyni zamanda aktual problemlərdən olan yaxın qohumlar arasında nikahın bağlanması və belə nikahların doğulan uşaqlarda anadangəlmə ciddi xəstəliklərin yaranma riskini artıran əsas faktorlardan biri olması nəzərə alınaraq “Qan qohumları arasında nikah və onun fəsadları” adlı buklet hazırlanıb və qeydiyyat şöbələrinə müraciət edən qohumluq əlaqəsi olan şəxslərə paylanılmaqla əhalinin maarifləndirilməsi həyata keçirilib.
Nazirlik tərəfindən bu sahədə tədbirlər davam etdirilir.