IMAGE

Korrupsiyaya qarşı mübarizənin Azərbaycan modeli

(Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və cənab İlham Əliyevin dövlət başçısı kimi 20 illiyinə)

Azər Cəfərov,

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini,

hüquq elmləri doktoru, professor

Qədim dövrlərdən başlayaraq bəşəriyyəti narahat edən xəstəliklər və təbii fəlakətlərlə yanaşı qlobal problemlərdən biri də korrupsiyadır. Korrupsiya hal-hazırda da bəşəriyyəti narahat edən əsas problemlərdən biri olaraq qalmaqdadır. BMT-nin üzvü olan 193 dövlətdən elə birini qeyd etmək mümkün deyildir ki, orada bu sosial-hüquqi problemə rast gəlinməsin. Hesab olunur ki, əmtəə-pul dövriyyəsi mövcud olan, istər böyük və ya kiçik, idarəetmə forması dünyəvi və ya dini olan istənilən dövlət quruluşunda korrupsiya, rüşvətxorluq, habelə digər cinayət növlərinə hər zaman rast gəlinəcəkdir. Başqa məsələdir ki, bu dövlətlərin bəzilərində korrupsiya cinayətləri daha çox, digərlərində isə daha az aşkar olunur. Ancaq bu amil konkret ölkədə cəmiyyətin korrupsiyaya uğramasının barometrik göstəricisi kimi qəbul edilməməlidir, çünki nəzərdən keçirilən sahədə sakitlik və ya təlatümlülük vəziyyəti sadəcə korrupsiyaya qarşı aparılan mübarizənin səviyyəsini əks etdirir.

Bununla belə, korrupsiya rüşvətxorluqla eyniləşdirilməməlidir, belə ki, bu anlayışlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərq ilk növbədə onları törətməkdə təqsirkar şəxsin sosial vəziyyətində ifadə olunur. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, “korrupsiya” anlayışı özündə həm rüşvətxorluğu, həm də dövlət və ya yerli özünüidarəetmə orqanlarına, habelə publik hüquqi şəxslərə seçilmiş və ya təyin edilmiş şəxslər tərəfindən öz statusundan, yaxud vəzifə səlahiyyətlərindən istifadə etməklə maddi və s. nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsini əhatə edir. Rüşvətxorluğa (rüşvət vermə, alma və bunda vasitəçilik etmə) gəlincə, o, həm dövlət məmurları, həm də kommersiya və qeyri-kommersiya qurumlarının, ictimai və qeyri-hökumət təşkilatlarının vəzifəli şəxsləri və s. tərəfindən törədilə bilər.

Təbii ki, istənilən dövlət üçün bu iki bəladan cəmiyyətin və dövlətin maraqlarının ziddinə maliyyə vəsaiti, qiymətli əşyalar, digər əmlak və əmlak xarakterli xidmətlər əldə etmək üçün öz publik statusundan və vəzifə səlahiyyətlərindən istifadə edən bu və ya digər məmurun satqınlığı üzündən baş verən sosial-iqtisadi və siyasi-hüquqi nəticələrdə ifadə olunan korrupsiya daha təhlükəlidir. Bununla korrupsioner məmurlar dövlətin imicinə və nüfuzuna, vətəndaşların dövlətə inamına xələl gətirir, dövlət strukturlarına təsadüfi şəxslərin daxil olmasına, vəzifə ilə biznesin birləşməsinə və s. şərait yaradırlar.

Hakimiyyətin müxtəlif pillələrində yer tutmuş məmurların ümumcinayət və iqtisadi cinayətkar birləşmələrin nümayəndələri ilə korrupsiya əlaqələri xüsusilə təhlükəlidir. Bu zaman sonuncular bu əlaqələr yolu ilə özlərinə himayədarlıq, kontraktlar, məxfi məlumatlar alır, iri tenderlərdə qalib gəlir, özlərinə sərf edən qərarların qəbul edilməsinə nail olurlar, cinayət yolu ilə toplanmış çirkli pul vəsaitlərini yuyurlar və s.

Bu gün dünyanın bir çox ölkələrində korrupsiya əməli törədən məmurların fəaliyyəti nəticəsində narkotik vasitələrin və saxta dərmanların qanunsuz dövriyyəsi, terrorizm, girov götürmə, bina və körpülərin dağılması və digər texnogen qəzalar yüzlərlə insanın ölümünə səbəb olur. Korrupsiyanın belə dağıdıcı potensialını nəzərə alaraq ona qarşı mübarizə bəşəriyyət üçün həmişə prioritet vəzifə olub.

Retrospektiv araşdırmalar qədim Şumer dövlətində, Maya imperiyasında və qədim Hindistan sivilizasiyasında da korrupsiyanın mövcudluğunu gözlər önünə gətirir. Bunu qəsb və rüşvətxorluğa görə məsuliyyətə dair xüsusi qaydaları özündə əks etdirən antik dövrün hüquqi mədəniyyət abidələri də (Ur-Nammu, Hammurapi, Manu qanunları və s.) sübut edir.

Bəşər tarixində min illər boyunca sosial, hüquqi bəlaya çevrilmiş korrupsiyaya qarşı müdrik insanlar universal çarələr axtarmış, mövcud cinayət əməlini törədənlərə qarşı ağır və bəzən son dərəcə qəddar cəzalar (məsələn, dərini soymaq, tonqalda yandırmaq və s.) müəyyən etmişlər. Bununla belə, ötən minilliklər ərzində bəşəriyyət korrupsiyanı cəmiyyətin həyatından silə bilməmiş, hətta onu hansısa ciddi sosial cəhətdən tolerant çərçivəyə sala bilməmişdir. Ona görə də bu məsələdə yalnız cinayət cəzasına arxalanmaq olmaz.

Nümunələrə nəzər salaq. Son illərdə Çin hökuməti korrupsiya ilə mübarizə üçün görünməmiş tədbirlər həyata keçirir. Bu müddət ərzində orada mövcud əmələ görə minlərlə dövlət məmuru edam edilib. Lakin seçilən cəza ölkədə korrupsiya statistikasını azaltmamışdır. Əksinə, artan repressiv təsir ciddi xərclərə səbəb oldu: korrupsiya şəbəkə xarakteri aldı, dərin eşelonlaşdırılmış sistemə çevrildi və məmurlar tələb olunan (hədə-qorxu ilə tələb olunan) rüşvətin dərəcələrini kəskin şəkildə artırdılar. Bir müddət əvvəl dünya mediasında Çinin iri meqapolislərindən birinin keçmiş icra başçısının həbsini əks etdirən videogörüntülər nümayiş etdirildi. Axtarış zamanı oradan 13 tondan artıq dəyəri 4 milyard dollar olan qızıl külçələr, 200 kq yəşim və digər qiymətli minerallar, çoxlu sayda əntiq əşyalar, sənət əsərləri və s. aşkar edildi.

Son zamanlar Rusiyada korrupsiyaya görə yüzlərlə federal nazirlər və qubernatorlar, millət vəkilləri və müxtəlif federal və regional hökumət orqanlarının yüksək rütbəli məmurları mühakimə olunublar. Bununla belə, mütəxəssislərin dəyərləndirmələrinə görə Rusiyada korrupsiya inkişaf etməkdə və artmaqdadır. Eyni zamanda korrupsioner məmurların qanunsuz sahiblik etdiyi sərvətlərin miqdarı diqqəti cəlb edir. Məsələn, 2019-cu ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin yüksək rütbəli əməkdaşlarının həbsi zamanı 12 milyard rubldan çox dəyəri olan pul və qızıl-zinət əşyaları götürülmüşdür. Bundan əvvəl Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin korrupsiyaya qarşı mübarizə idarəsinin keçmiş polkovnikindən 9 milyard rubl müsadirə edilib.

Bir müddət öncə mediada İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin ölkəsinin məhkəmə sisteminin nümayəndələri ilə görüşündə onları korrupsiya cinayəti törətmiş kəslərin əllərini kəsməyə çağırması, orada bu cinayətin nə dərəcədə yayılmasını göstərən faktlardandır.

Bizdə də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən korrupsioner dövlət məmurları saxlanılarkən onlardan xeyli miqdarda pul və digər qiymətli əşyaların müsadirə edilməsini qeyd edə bilərik.

Bu və bir çox başqa faktlar göstərir ki, repressiv tədbirlərin gücləndirilməsi korrupsiyanın qarşısını almaq üçün kifayət etmir. Cəmiyyətin antikriminal potensialı təkcə bu sosial-hüquqi bəlanın mümkün qədər minimallaşdırılmasına deyil, həm də korrupsiyaya qarşı milli modelin tərkib hissəsini təşkil edən kompleks siyasi, iqtisadi, maarifləndirici, sosial və hüquqi tədbirlər əsasında korrupsiyaya gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılmasına yönəldilməlidir.

Buna ehtiyac obyektiv amillərlə bağlıdır. Birincisi, korrupsiyaya qarşı mübarizə sahəsində çoxsaylı elmi araşdırmaların və xeyli sayda beynəlxalq konvensiyaların mövcud olmasına baxmayaraq, bu günə qədər beynəlxalq ictimaiyyət “korrupsiya” anlayışının ümumqəbul edilmiş hüquqi tərifini işləyib hazırlamamışdır ki, bunun nəticəsində də hər bir ölkə bu məsələdə öz milli maraqlarından və hüquqi ənənələrindən irəli gələrək çıxış edir.

İkincisi, hər hansı bir xarici antikorrupsiya modeli (İtalyan, Sinqapur, Çin və s.) eyni ilə milli sistemə köçürülə bilməz, çünki korrupsiya üçün universal resept yoxdur. Bundan əlavə, unutmaq olmaz ki, hər bir varlı və ya kasıb, güclü və ya zəif ölkənin öz adət-ənənələri və orijinal həyat tərzi vardır. Buna görə də antikorrupsiya strategiyası bir tərəfdən dəyişməz dəyərləri nəzərə almalı, digər tərəfdən isə xarici ölkələrin müsbət qanunvericilik və hüquq-mühafizə təcrübəsini mənimsəməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “...Xaricdə olan hər şeyi kortəbii şəkildə Azərbaycanda etmək olmaz. Orada elə şeylər var ki, onların bizə heç bir xeyri olmayacaqdır. Amma müsbət nə varsa, biz onu gətirməliyik, tətbiq etməliyik” “...Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması ölkə üçün həyati əhəmiyyət kəsb edir” sözləri yuxarıda deyilənlərin mahiyyətini olduqca yaxşı əks etdirir (22 oktyabr 2007-ci ildə Nazirlər Kabinetinin iclasındakı çıxışı və 23 oktyabr 2007-ci ildə Qobustan Rayon ictimaiyyəti qarşısında çıxışı).

Azərbaycanda milli antikorrupsiya strategiyası ötən əsrin 60-cı illərinin sonlarında Ümummilli Lider Heydər Əliyevin qoyduğu məhz bu ideologiyaya əsaslanır.

O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul Plenumunda Sovet İttifaqı tarixində ilk dəfə olaraq SSRİ-də korrupsiyanın mövcud olduğunu açıq şəkildə bəyan etmiş və ən yüksək səviyyədə həll edilməsi üçün kompleks, təşkilati və hüquqi tədbirlərin aparılmasının zəruriliyini əsaslandırmışdır.

Sonralar SSRİ-nin ali rəhbərliyi bu cəsarətli təşəbbüsü Sovet İttifaqı Kommunist Partiyasının korrupsiyaya qarşı fəal mübarizəsinin nümunəsi kimi dünya ictimaiyyətinin nəzərinə çatdırmışdır. Bu haqda Heydər Əliyev 22 may 1996-cı ildə “Oqonyok” jurnalının müxbirlərinə verdiyi müsahibəsində demişdir: “...indi korrupsiya ilə hamı mübarizə aparır. İndi heç kim demir ki, korrupsiya yoxdur. Ancaq o vaxtlar Sovetlər İttifaqında belə halın olduğunu etiraf etməyə qorxurdular. Mən isə bəyan etdim ki, Azərbaycanda rüşvətxorluq, korrupsiya var və bunlara qarşı mübarizə aparmaq lazımdır. Yəni, Azərbaycan açıqlıq, aşkarlıq baxımından müsbət mənada fərqlənirdi”.

Həmin illərdə Azərbaycanın rəhbəri Heydər Əlirza oğlunun təklif etdiyi korrupsiyaya qarşı mübarizə modelini bütün ittifaq respublikaları qəbul etdilər və onu hüquq-mühafizə orqanlarının fəaliyyətinə yeritdilər. Məsələn, məhz Ulu Öndərin təklif etdiyi çoxpilləli antikorrupsiya sistemi konsepsiyası sonralar SSRİ-də bu problemə qarşı genişmiqyaslı mübarizənin təşkili, minlərlə yüksəkrütbəli korrupsionerlərin istər ittifaq, istərsə də respublika səviyyəsində, həm ittifaq, həm də respublika idarələrində aşkar edilərək ifşası üçün əsasa çevrildi. Bu baxımdan, İttifaqın daxili işlər naziri N.Şelokovun və onun müavini Y.Çurbanovun irimiqyaslı korrupsiyalarda suçlanmalarını, Orta Asiyada “pambıq işi”ni, “Trequbov işi”ni, “balıq işi”ni və bir çox başqalarını xatırlatmaq olar.

Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin təklif etdiyi antikorrupsiya strategiyası sayəsində Azərbaycan bu neqativ halla mübarizədə irəliləyiş əldə etdi: yüzlərlə korrupsioner aşkar edilərək mühakimə olundu, geniş şaxələnmiş işbazlar şəbəkəsi məhv edildi, elitanın dövlət hakimiyyətinin müxtəlif təbəqələrində irsiyyət prinsipi ilə seçilməsi, kadr siyasətində aşırılıqlar kimi çirkin hadisələrin önünə etibarlı maneə qoyuldu (bu barədə rejissor Rasim Ocaqovun 1979-cu ildə lentə aldığı və ümumittifaq premyerası 1980-ci ilin aprelində Moskvada baş tutmuş “İstintaq” bədii filmində bəlağətlə bəhs olunmuşdur).

Korrupsiyaya, məmur özbaşınalığına və s. qarşı mübarizə siyasəti milli iqtisadiyyatın inkişafı tempinin və dövlətin nüfuzunun artmasına səbəb oldu. Qısa müddətdə Azərbaycan geridə qalmış, dotasiya olunan aqrar ölkədən dünya standartlarına uyğun məhsullar istehsal edən yüksək texnoloji sənaye parkına malik ölkəyə çevrildi. Buna Bakı kondisioner zavodunu misal göstərmək olar ki, o, həmin illərdə nəinki Azərbaycan və bütün ittifaq respublikalarını öz məhsulları ilə təmin edir, həm də dünyanın bir çox ölkələrinə kondisionerlər ixrac edirdi.

Müstəqillik illərində Heydər Əliyevin qəbul etdiyi “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” (1994), “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” (2000-ci il) fərmanları hüquq-mühafizə orqanlarının və vətəndaş cəmiyyətinin bu bəlaya qarşı apardıqları işlərin əlaqələndirilməsində mühüm rol oynamış, bilavasitə onun rəhbərliyi ilə 1995-ci ildə hazırlanmış Azərbaycan Konstitusiyası korrupsiyaya qarşı dayanıqlı hüquq sisteminin əsasını təşkil etmişdir. Müstəqil üçpilləli ədalət mühakiməsi sistemini bərqərar etmiş yeni Konstitusiya əsasında cinayət və cinayət-prosessual qanunvericiliyi tamamilə yenilənmiş, ölkə bir sıra mühüm beynəlxalq sənədlərə qoşulmuş, sosial və maliyyə-bank sahələrində islahatlar aparılmış, dövlət məmurlarının seçilməsi və irəli çəkilməsində şəffaf prosedurun tətbiq olunmasına başlanılmış, qanuna uyğun olaraq hazırda kənar dövlət maliyyə nəzarəti funksiyasını yerinə yetirən Hesablama Palatası formalaşdırılmış, yoxsulluğun azaldılması və iqtisadi inkişafla bağlı proqramlar qəbul olunmuşdur.

Azərbaycan antikorrupsiya modelinin möhkəm təməli bu gün də öz yüksək effektivliyini göstərməkdə davam edir. Bu nadir siyasi-hüquqi irs 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev tərəfindən inkişaf etdirilərək yeni siyasi və sosial-iqtisadi reallıqlara uyğunlaşdırılmışdır. Bu gün də korrupsiyaya qarşı mübarizə Azərbaycan dövlətinin başçısının prioritet siyasi layihəsidir.

İlham Əliyevin prezidentliyinin ilk dövrlərində korrupsiyaya qarşı mübarizə sahəsində əsas hüquqi akt olan “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, daha sonra hökumət tərəfindən açıqlanmalı olan məlumatların həcmini müəyyən edən “İnformasiya əldə etmək haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlar, habelə hakimlərin, prokurorların və hüquq-mühafizə orqanları əməkdaşlarının etik davranış kodeksləri qəbul edilmişdir.

Korrupsiyaya qarşı mübarizədə ölkəmiz müxtəlif xarici ölkələrlə aktiv əməkdaşlıq edir, BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi, Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO), Avropa Şurası və Beynəlxalq Antikorrupsiya Akademiyası, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası və Beynəlxalq Prokurorlar Assosiasiyası ilə davamlı tərəfdaşlıq əlaqələri qurmuşdur. Bu günə kimi biz BMT-nin Korrupsiyaya qarşı Konvensiyasını, Avropa Şurasının Korrupsiya ilə əlaqədar Cinayət Hüququ Konvensiyasını və bu sahədə digər beynəlxalq aktları ratifikasiya etmiş və bu aktlardan irəli gələn müddəa və öhdəliklər milli qanunvericiliyin müxtəlif sahələrinə implementasiya olunmuşdur. OECD-nin, GRECO-nun tövsiyələri və yeni çağırışlar nəzərə alınmaqla ölkənin antikorrupsiya qanunvericiliyinin sistemli təkmilləşdirilməsi prosesi bu gün də davam edir.

Müasir Azərbaycan antikorrupsiya modeli bir çox cəhətlərinə görə dünyada mövcud olan analoqlardan əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərq özünü ilk növbədə, bir çox müasir dövlətlər üçün ənənəvi olan korrupsiyaya qarşı mübarizədə yalnız normativ təsir metodlarından istifadəni istisna etməsində göstərir. Bunun əvəzində Azərbaycan Prezidenti dövlət başçısı seçildiyi ilk illərdə cəmiyyətə Azərbaycanda korrupsiyaya qarşı mübarizə ideologiyasının kifayət qədər qeyri-adi konsepsiyasını təklif etdi ki, onun da mahiyyəti “nəhəngin quyruğunu kəsmək yox, onun yaşadığı bataqlığı qurutmaq lazımdır" fikrinə əsaslanır. Başqa sözlə, korrupsiyanın fəsadları ilə deyil, ilk növbədə onu doğuran səbəb və şəraitlə mübarizə aparmaq lazımdır.

2004-cü ildən qəbul edilmiş dövlət proqramlarının, korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması və açıq hökumətin təşviqi üzrə milli strategiya və fəaliyyət planları başlıca olaraq bu məqsədlərə yönəlmişdir (onların ümumilikdə sayı 7-dir). Bunların sayəsində Azərbaycanın bu sahədə təcrübəsi korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planında göstərildiyi kimi sistemliliyi, hərtərəfliliyi və innovativliyi ilə fərqlənir.

Azərbaycan antikorrupsiya modelinin mühüm həlqəsi Respublika Prezidentinin 3 mart 2004-cü il tarixli sərəncamı ilə təşkil edilən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış İdarə (indiki Baş İdarə) olmuşdur. Bu orqanın korrupsiya faktlarını müəyyən etmək və araşdırmaq üçün geniş səlahiyyətləri vardır.

Baş idarənin özəlliyi ondan ibarətdir ki, çar, sovet və postsovet prokurorluğu tarixində ilk dəfə olaraq ənənəvi nəzarət və ibtidai araşdırma funksiyaları ilə yanaşı, o həm də əməliyyat-axtarış fəaliyyəti funksiyalarına malikdir ki, buna da heç bir MDB ölkəsində rast gəlinmir. Burada işlərin xüsusi və kriminalistik təyinatlı müasir elektron vasitələrin köməyi ilə həyata keçirilməsi korrupsiyaya qarşı prinsipial olaraq yeni təşkilati-hüquqi əsasda mübarizəyə, korrupsiya ilə bağlı hüquqpozmalar haqqında məlumat vermiş şəxslərin konfidensiallığını etibarlı şəkildə qorumağa, korrupsiya cinayətlərinin araşdırılmasını kənar müdaxilə və təzyiqləri istisna edən şəraitdə aparmağa imkan verir. Bütün bunların nəticəsində ölkədə məmurlar, o cümlədən yüksək vəzifə tutanlar arasında çoxsaylı korrupsiya hallarının aşkarlanması mümkün olmuşdur.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil, qərəzsiz məhkəmə hakimiyyətinin yaradılması məqsədi ilə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları Azərbaycan antikorrupsiya modelinin konseptual istiqamətlərindən biridir.

Bu vəzifələrin həyata keçirilməsi üçün 2005-ci ildə yaradılmış Məhkəmə-Hüquq Şurası hökumətlə məhkəmə sistemi arasında əlaqələndirici rolunu oynayır. Şura qanunvericilik, icra, məhkəmə hakimiyyəti orqanlarının sisteminə daxil olmasa da, məhkəmə hakimiyyətinin özünüidarəetmə funksiyalarını həyata keçirən orqan olmaqla onun müstəqilliyinə daha çox təsir edən məsələləri, yəni hakim korpusunun formalaşdırılması, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların karyera yüksəlişi, intizam məsuliyyətinə cəlb edilməsi, səlahiyyətlərinə xitam verilməsi və s. məsələləri həll edir.

Məhkəmə-Hüquq Şurası üzvlərinin böyük əksəriyyətini (10 üzv) hakimlər təşkil edir. Bununla belə şura parlament, icra hakimiyyəti (hər birindən bir üzv), vəkillik, ictimaiyyət, o cümlədən elm ictimaiyyəti təmsil olunan qarışıq tərkibə malikdir (15 nəfər). Bu isə məhkəmə cəmiyyəti tərəfindən öz maraqlarının güdülməsinə, özünümüdafiəyə və dostbazlığa yol verilməsi ehtimalını aradan qaldırır. Göründüyü kimi, Şura cəmiyyət daxilində müxtəlif baxışları əks etdirməklə məhkəmə sisteminə əlavə legitimlik qazandırır.

Məhkəmə-Hüquq Şurasında məhkəmənin fəaliyyətinə müdaxilə, hakimlərin müstəqilliyinə təsir və digər neqativ faktlar barədə məlumatları qəbul edən “qaynar xətt”, onun aparatında isə korrupsiyaya qarşı mübarizə və monitorinq üzrə sektor fəaliyyət göstərir.

Məhkəmə-Hüquq Şurasının həyata keçirdiyi tədbirlər - müvafiq qaydaların qəbul edilməsi, bu qaydaları tətbiq edən komitənin formalaşdırılması ilə hakim vəzifələrinə namizədlərin seçilməsi üzrə müsabiqələrin ən şəffaf prosedurlar əsasında maksimal obyektiv və səmərəli keçirilməsi baş tutur.

Hakimlərin şəffaf və bərabərlik əsasında seçimi məhkəmənin müstəqilliyini və qərəzsizliyini təmin edən son dərəcə mühüm amildir. Bəşəriyyət bu amala çatmaq üçün çoxdan çalışır. Ərəb xilafətinin dördüncü xəlifəsi Əli ibn Əbu Talib (651-655) Misir valisinə yolladığı məktubda yazır: “İnsanların arasında ən yaxşısını özünə baş hakim təyin et; ... doğrunu tapdıqdan sonra yolundan dönməyəni; eqoist və tamahkar olmayanı; etibarlı faktları bilmədən qərar verməyəni; öz vəzifəsindən sui-istifadə etməyəni... Heç vaxt şəxsi əlaqələrinə görə məhkəmələrə (müəllifin qeydi) məsul vəzifələrə adamları təyin etmə, çünki bu ədalətsizliyə və korrupsiyaya səbəb ola bilər...”.

Xüsusi qeyd edək ki, ölkəmizdə bu sahənin demokratikləşməsi bir qədər əvvəl, 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin bilavasitə nəzarəti ilə başlayıb. Vaşinqtonda “Azərbaycan – Avrasiyanın qapısı, strateji və iqtisadi müttəfiqlər ölkəsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərək Ulu Öndər bu islahatı belə qiymətləndirmişdi: “...son altı-yeddi ay ərzində biz Azərbaycanın məhkəmə sistemini tamamilə müasir səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yenidən təşkil etdik. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu. Bu Azərbaycan tarixində birinci dəfədir. Onu da deyim ki, məsələn, test üsulu ilə imtahan zamanı uzun illər – 20 il, 30 il hakim işləmiş bəzi insanlar testdən keçə bilmədilər, kənarda qaldılar. Yəni biz bunun çox müsbət tərəfini görürük və əvvəl də görürdük. Amma indi nəticəsinə görə bunu daha çox görürük”.

Bu gün daha da mükəmməl olmuş hakimlərin seçim prosesi çoxmərhələlidir və özündə test, inşa şəklində yazılı və şifahi imtahanları, məhkəmələrdə təcrübə keçməklə uzunmüddətli təlim və yekun müsahibəni ehtiva etməklə hər hansı özbaşınalığa yer qoymur. Hakimlərin seçilməsini səfirliklərin, beynəlxalq təşkilatların, media və QHT-lərin nümayəndələri müşahidə edirlər.

Azərbaycan Respublikası Prezidentinin müvafiq İnformasiya sisteminin təşkil edilməsi haqqında 13 fevral 2014-cü il tarixli Sərəncamına uyğun olaraq həyata keçirilmiş ölkə məhkəmələrinin tam elektronlaşdırılması məhkəmə fəaliyyətinin şəffaflığını təmin edərək, əlbəttə, sui-istifadə üçün əlavə səddir.

Dövlət orqanlarının və digər strukturların fəaliyyətinin əlaqələndirilməsi, bu sahədə dövlət proqramlarının icrasına nəzarət 2004-cü ildən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası tərəfindən həyata keçirilir. O, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, həyata keçirilən mübarizənin vəziyyətini, səmərəliliyini təhlil edir, dövlət orqanlarına və digər qurumlara aidiyyəti təkliflər verir və s.

Bu istiqamətdə atılan növbəti mühüm və innovativ addım ölkə başçısının 13 iyul 2012-ci il tarixli Sərəncamı ilə ölkədə dünyada analoqu olmayan, unikal dövlət təsisatının – Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərinin yaradılması olmuşdur. Hazırda respublikanın şəhər və rayonlarında 29 belə mərkəz fəaliyyət göstərir. Keçən on bir ildə vətəndaşlar onun xidmətindən 70 milyon dəfəyədək yararlanaraq müxtəlif məsələləri – pasportların, sürücülük və şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, fərdi tikintiyə icazələrin və doğum haqqında şəhadətnamələrin verilməsi və s. – tez və problemsiz həll etmişlər. Maraqlıdır ki, bu milli brendin antikorrupsiya sistemində ilkin mərhələ üçün proqnozlaşdırılan fayda göstəriciləri ən yaxşı gözləntiləri üstələmiş, “ASAN xidmət”in fəaliyyəti korrupsiyaya qarşı aşılmaz maneəyə çevrilmişdir.

Əhalinin məşğulluq, əmək, sosial müdafiə və rifah sahəsində xidmətlərə operativ və rahat çıxışı, həmçinin innovativ yanaşmalardan və texnoloji yeniliklərdən istifadə edən DOST mərkəzlər şəbəkəsi tərəfindən həyata keçirir. DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəffaflığın, operativliyin, sosial sahədə dövlət xidmətlərinin keyfiyyəti, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə təşkil edilmişdir.

Azərbaycanda BMT-nin 2003-cü il Korrupsiyaya qarşı Konvensiyasında tövsiyə olunduğu kimi korrupsiyanın qarşısının alınması, onunla mübarizə, habelə bu bəlanın mövcudluğu, səbəbləri və təhlükəli xarakterinin ictimaiyyət tərəfindən dərkinin dərinləşdirilməsində vətəndaşlar və vətəndaş cəmiyyəti fəal iştirak edirlər. Bu, 10 il əvvəl qəbul edilmiş “İctimai iştirakçılıq haqqında” Qanun əsasında təmin edilir. Həmin qanuna uyğun olaraq dövlət orqanları yanında yaradılan ictimai şuralar qısa müddətdə ölkənin ictimai həyatında öz yerini tutaraq vətəndaş nəzarəti və dövlət idarəçiliyində iştirak mexanizmi kimi səmərəliliyini sübuta yetirmiş, qəbul edilən qərarların şəffaflığını artırmış və əhalinin informasiyaya çıxışını asanlaşdırılmışdır.

Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində digər heç də az əhəmiyyətli olmayan tədbirlər də həyata keçirilmişdir və qəzet nəşrinin əhatə dairəsi nəzərə alınaraq onlara toxunmuruq. Ancaq şəksizdir ki, təməli Ümummilli Lider tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən müasirləşdirilən korrupsiyaya qarşı mübarizənin orijinal Azərbaycan modeli zamanın sınağından çıxmışdır. Davam edən sistemli antikorrupsiya siyasəti, müasir cağırışlarla bağlı irəli sürülən innovativ həllər və ölkənin iqtisadi, sosial və institusional inkişafında tərəqqi qarşıda bu sahədə bundan da əhəmiyyətli nailiyyətlər əldə olunacağını əminliklə deməyə əsas verir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez