18-03-2013 | 04:02 834
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində ədliyyə orqanlarının fəaliyyəti qabaqcıl metodlar və müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq olunmaqla təkmilləşir, ədliyyə işçilərinin bilik və bacarıqlarının, potensialının artırılması, nazirliyin peşəkar kadrlarla komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, şəffaf prosedurlar əsasında müsabiqə yolu ilə yeni nəsil hüquqşünaslar ədliyyə orqanlarına qulluğa qəbul olunurlar.
Son illər işə qəbulla bağlı açıq müsabiqələr davamlı xarakter almış və imtahanlar artıq internetdə canlı yayımlanır. Hazırda Ədliyyə Nazirliyi tərəfindən növbəti müsabiqə elan olunaraq namizədlərin sənədlərinin qəbulu davam edir və test imtahanında iştirak etmək istəyən hüquqşünaslar üçün təkcə ərizə vermək kifayətdir.
Martın 18-də xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində növbəti seçim prosesində uğur qazanaraq ədliyyənin müxtəlif sahələrinə təyinat alan gənc hüquqşünaslarla Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilmişdir.
Gənclər əvvəlcə Fəxri Xiyabanda ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə gül dəstəsi düzmüş, dahi öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Ədliyyə Nazirliyində keçirilmiş tədbirdə nazir Fikrət Məmmədov çıxış edərək respublikamızın dinamik iqtisadi tərəqqisinin təməlində xalqımızın ümummilli lideri Heydər Əliyevin düşünülmüş və uzaqgörən strategiyasının durduğunu, ölkə Prezidenti cənab İlham ƏIiyevin rəhbərliyi ilə bu inkişaf konsepsiyasının uğurla həyata keçirildiyini vurğulamış, ölkədə aparılan genişmiqyaslı islahatların tərkib hissəsi olan ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən ardıcıl işlərdən və qazanılan nailiyyətlərdən bəhs etmişdir. Nazir xüsusilə dövlət başçısının "hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır" sözlərini xatırladaraq, ədliyyə qulluğuna qəbul olunan stajorlardan yüksək məsuliyyət və etik davranış, səmərəli iş və insanlara vicdanlı xidmət tələb olunduğunu bildirmiş, konkret tövsiyələr vermiş, Novruz bayramı münasibəti ilə təbriklərini çatdırmışdır.
Qulluğa qəbul olunmalarından yüksək qürur hissi keçirən gənclər çıxış edərək ulu öndər Heydər Əliyevin dövlət gənclər siyasətinin bu gün möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə hər bir şəxsin inkişafı, müxtəlif istiqamətlərdə fəaliyyət göstərmək arzularını reallaşdırmaq üçün geniş imkanların yaradıldığını, xüsusilə ədliyyə orqanlarına qəbulun tam şəffaf və obyektiv keçirildiyini minnətdarlıqla bildirmiş, ölkə başçısının yüksək tələblərini gələcək fəaliyyətlərində daim rəhbər tutacaqlarına söz vermişlər.
Sonda qulluğa qəbul olunanlar təntənəli qaydada Azərbaycan Respublikasının dövlət bayrağı önündə and içmiş, onlara xidməti vəsiqələr təqdim edilmişdir.