IMAGE

Ədliyyə Nazirliyində notariat sahəsində aktual məsələlərlə bağlı onlayn brifinq keçirilib

Ədliyyə fəaliyyəti ilə bağlı əhalinin hüquqi biliklərinin artırılması məqsədilə nazirliyin internet və sosial platforma səhifələrinin və media subyektlərinin imkanlarından geniş istifadə olunmaqla ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.

Yanvarın 18-də nazirliyin rəsmi “facebook” səhifəsində canlı yayımda “Notariat sahəsində aktual məsələlər” mövzusunda onlayn brifinq keçirilib.

Tədbirdə nazirliyin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin aidiyyəti məsul işçiləri – Notariat idarəsinin rəhbəri Mirağa Abbasov və böyük məsləhətçisi Seymur İsmayılov, baş idarənin Nəzarət-analitik iş üzrə qrup rəhbəri Leyla Bərxudarzadə və Azərbaycan Notariat Palatası idarə heyətinin sədri Hüseyn Məmmədov iştirak ediblər.

Brifinqdə ölkəmizin sosial-iqtisadi tərəqqisində və vətəndaşların mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həllində mühüm rol oynayan notariat institutunun inkişafı ilə bağlı görülən işlər, qanunvericilikdəki yeniliklər, bu sahədə tətbiq olunan rəqəmsal innovasiyalar barədə vətəndaşlara məlumat verilib.

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində notariusun öhdəliklərindən danışılaraq bununla bağlı ötən il qüvvəyə minmiş yeni Qanunun tələblərindən irəli gələrək müəyyən kateqoriya notariat əməliyyatlarının aparılması zamanı şəxsin gəlirinə dair məlumatın toplanması məsələsinə toxunulub. Bildirilib ki, notariat xidmətlərinin göstərilməsində məlumat toplanması funksiyası çoxillik təcrübəyə əsaslanır və yeni Qanunla müəyyən edilmiş məlumatların informasiya resurslarından əldə edilməsi mümkün olduğu halda vətəndaşdan sorğulanmır. Hər hansı sənədin tələb olunması ilə bağlı notariat hərəkəti iştirakçılarının narahatlığına əsas yoxdur. Çoxşaxəli ineqrasiya imkanlarına malik “Elektron notariat” informasiya sistemi xidmətlərin operativliyinin qorunub saxlanılmasına imkan verir.

Canlı yayımda vərəsəlik hüququnun təminatı ilə bağlı Konstitusiya Məhkəməsinin 26.12.2023-cü il tarixli qərarının icrasından irəli gələn məsələlər, o cümlədən vərəsəlik işlərinin rəsmiləşdirilməsində tətbiq ediləcək yeniliklərdən söz açılıb. Qeyd olunub ki, artıq vərəsəlik hüququ mirasın qəbul edilməsi müddətindən asılı olmadan təmin edilir, bu isə vərəsələrin öz konstitusion hüquqlarının təmin edilməsinə xidmət etməklə bu sahədə yarana bilən mübahisələrin qarşının alınmasına xidmət edir.

Eyni zamanda tikintisi başa çatmayan binaların tərkib hissələrinə münasibətdə hüquqların qeydiyyatında notariusun iştirakı barədə məlumat verib. Qeyd olunub ki, tikinti ilə məşğul olan sahibkarlar tərəfindən təqdim olunan bölünmə planının və bu plan əsasında bağlanmış müqavilələrin notariat qaydasında rəsmiləşdirilməsi nəticəsində yeni mülkiyyətçinin xeyrinə təminat qeydinin aparılması tikintisi başa çatmamış əmlak obyeklərinin mülki dövriyyəsi üçün əlverişli şərait yaradır. Bununla bağlı sahibkarların notariuslara müraciət olunması tövsiyə edilib.

Notariat xidmətlərinin elektronlaşdırılması ilə bağlı görülən tədbirlər, vətəndaş məmnunluğu doğuran “Mobil notariat”ın və “ƏNTEZ” xidmətin innovativ fəaliyyəti də qeyd olunub.

Diqqətə çatdırılıb ki, “Mobil notariat” tətbiqinin istifadəçiləri iki dəfə artaraq 900 minə çatıb və gündəlik 1000-1500 notariat əməliyyatları həyata keçirilir. Tətbiqin xidmət dairəsi daim genişləndirilərək ötən ildən “Mobil notariat” üzərindən artıq ikitərəfli müqavilələrin rəsmiləşdirilməsi imkanı yaradılıb və ilkin təcrübə kimi kirayə müqavilələri seçilib. Bu il digər ikitərəfli müqavilələrin də tətbiq üzərindən bağlanması imkanlarının yaradılması qarşıya qoyulan hədəflərdəndir.

Vətəndaşlar həmçinin nazirliyin yeni innovativ məhsulu olan – əmək, maliyyə və digər resurslara qənaət etməklə istənilən yerdə virtual platforma əsasında vətəndaşlara nazirliyə videozəng vasitəsilə müraciət edərək məsafədən müxtəlif ədliyyə xidmətlərindən eyni vaxtda yararlanmaq imkanı verən “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) Xidmət barədə məlumatlandırılıb. Qeyd edilib ki, əhaliyə xidmət sahəsində ölkədə ilk dəfə bu platformada tətbiq edilən “süni intellekt” insan davranışını vizuallaşdıraraq vətəndaşla ünsiyyət qurur və sənədlərin yerindəcə əldə edilməsini təmin edir.

120-dək izləyicinin qoşulduğu canlı yayımda vətəndaşlar və media nümayəndələri ilə interaktiv formada sual-cavab sessiyası keçirilərək onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez