Ədliyyə işçiləri şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı ədliyyə orqanlarında tədbirlər keçirilib. Ədliyyə naziri Fikrət Məmmədov, nazirliyin rəhbər heyəti və kollektivi Şəhidlər xiyabanında Vətən uğrunda canlarını fəda etmiş həmvətənlərimizin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla anıblar.

Nazirlikdə keçirilən mərasimlərdə xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilən 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyətinə nəzər salınıb. Ulu Öndər Heydər Əliyevin baş vermiş qanlı hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət verdiyi, faciə qurbanlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığı, şəhid ailələrinin və əlillərin hər zaman dövlət qayğısı ilə əhatə olunduğu bildirilib.

Vurğulanıb ki, bu gün Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlətimizin, qalib ordumuzun və xalqımızın birliyi sayəsində doğma torpaqlarımız işğaldan azad edilərək ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Azərbaycanın üçrəngli bayrağı Qarabağın hər yerində vüqarla dalğalanır, həmin ərazilər genişmiqyaslı quruculuq işləri aparılmaqla yenidən dirçəlir.

Ədliyyə işçiləri doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarının fədakarlığını heç zaman unutmur, şəhidlərimizin xatirəsini daim uca tutaraq qürur və ehtiramla yad edirlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez