24-01-2024 | 19:20 372
Yanvarın 24-də ədliyyə nazirinin müavini Toğrul Musayev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Seçki Müşahidə Missiyasının rəhbəri Eoqan Mörfi və üzvləri ilə görüşüb.
Tədbirdə Seçki Müşahidə Missiyasının məqsəd və fəaliyyəti, Azərbaycana səfərinin və keçirdiyi görüşlərin əhəmiyyəti qeyd olunub, ölkəmizin ilk dəfə bütün ərazilərində keçiriləcək prezident seçkilərində ədliyyə orqanlarının vəzifələri, siyasi partiyaların seçkilərdə iştirakı, onların fəaliyyətinin yeni qanunvericiliyinin tələblərinə uyğun qurulması müzakirə edilib.
Qonaqlar penitensiar müəssisələrdə seçkilərin keçirilməsinin təşkili, seçici siyahılarının hazırlanmasında nazirliyin iştirakı, müvafiq məlumatların yoxlanılması ilə bağlı ekspertizanın keçirilməsi barədə məlumatlandırılıb.
İnteraktiv müzakirə şəraitində keçən görüşdə maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.