25-01-2024 | 14:15 321
Yanvarın 24-də Ədliyyə Akademiyasında “Məişət zorakılığı qurbanlarının hüquqlarının müdafiəsi mexanizmləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin, o cümlədən Ədliyyə Akademiyasının aidiyyəti məsul şəxsləri və əməkdaşları, hakimlər, vəkillər, vətəndaş cəmiyyəti institutları iştirak ediblər.
Nazirliyin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova və Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov açılış nitqi ilə çıxış edərək ölkəmizdə məişət zorakılığına qarşı mübarizə sahəsində görülən işlərə, qanunvericilik və institusional tədbirlərinə toxunub, məişət zorakılığı qurbanlarının hüquqlarının qorunmasına daim xüsusi diqqət yetirildiyini, bu sahədə vətəndaş cəmiyyəti institutlarının səmərəli fəaliyyətini vurğulayıb, tədbirin əhəmiyyətini qeyd ediblər.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın moderatorluğu ila keçirilən dəyirmi masada Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyeva, Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədov, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü İlhamə Həsənova, Qadın təşəbbüsü və Sosial Problemlərin həllinə yardım ictimai birliyinin sədri Zenfira Mustafayeva, Azərbaycan Uşaqlarının İctimai Birliyinin sədri Kəmalə Ağazadənin məruzələri dinlənilib.
Məruzələrdə məişət zorakılığı və məhkəmə praktikası, məişət zorakılığı qurbanlarının müdafiəsi, məhkəmə praktikasında zorakılıq tətbiq etmiş şəxslərlə işin vəziyyəti, uzunmüddətli mühafizə orderinin verilməsi praktikası və alternativ imkanlar, münaqişəli ailələrin uşaqlarının sənədləşməsində məhkəmə baxışı barədə məlumatlar verilib.
İnteraktiv formada keçirilən tədbir aktiv diskussiya və fikir mübadiləsi şəraitində davam edib.