26-01-2024 | 18:50 716
Ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynayan Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir.
Bu sahədə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxış edərək dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanına uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin müasirləşdirilməsi və qanunvericiliklə müəyyən edilmiş vəzifələrin səmərəli icrası üzrə görülən tədbirləri, habelə kadr dəyişikliklərinin aparıldığını vurğulayıb.
Təqdimatla çıxış edən Mərkəzin rəisi Elçin Qasımov həmin Fərmanın icrasından irəli gələn Ədliyyə Nazirliyi üzrə “Məhkəmə ekspertizası sahəsində fəaliyyətin yeni qanunvericiliyə uyğun təkmilləşdirilməsi üzrə tədbirlər barədə” əmrin icrası ilə bağlı görülmüş işlərə dair məlumat verib. 2023-cü ildə daxil olan ekspertiza işlərinin sayının artaraq 44 minə yaxınlaşdığını, 36 min ekspert rəyinin verildiyini, ekspertlər tərəfindən 1,8 milyonadək obyektin tədqiq edilərək məhkəmə və hüquq-mühafizə orqanlarının suallarının cavablandırıldığını, həmçinin onlara müxtəlif fəaliyyət istiqamətləri üzrə metodiki və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə 300-dək tövsiyə verildiyini qeyd edib.
Həmçinin, elmi-praktiki fəaliyyət diqqətdə saxlanılaraq 2023-cü ildə məhkəmə ekspertizasının aktual problemləri üzrə hüquq-mühafizə orqanları əməkdaşları, hakimlər və hüquqşünaslar üçün 70-dək mühazirə və praktiki məşğələlər keçirilib.
Mərkəzin fəaliyyətin rəqəmsallaşdırılması çərçivəsində ötən il ekspertizaların icra vəziyyətini izləməyə imkan verən elektron xidmət, habelə Məhkəmə Ekspertlərinin Reyestri, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri və Məhkəmə ekspertizasının metodik fondu hazırlanıb və geniş ictimai təqdimatı keçirilib. İclasda həmin elektron resurslara dair video-çarx nümayiş etdirilib.
Mərkəzin beynəlxalq əlaqələrinə toxunularaq 2023-cü ildə Belarus, Hollandiya, və Özbəkistana məhsuldar səfərlər edildiyi, Türkiyə ilə məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş çərçivəsində birgə tədbirlərin genişləndirildiyi, Özbəkistanla ədliyyə sahəsində imzalanmış Əməkdaşlıq Proqramına uyğun olaraq iki ölkənin məhkəmə ekspertizası idarələri arasında Anlaşma Memorandumunun hazırlandığı qeyd olunub, habelə ekspertlərin bir çox beynəlxalq elmi-praktiki konfranslarda iştirakı diqqətə çatdırılıb.
Müşavirədə Mərkəzin struktur qurum və regional bölmə rəhbərləri dinlənilərək görülən işlər, mövcud nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması yolları müzakirə edilib, tədbirlər müəyyən olunub.
İclasa yekun vuran nazir müavini V.Zahirov qarşıda duran vəzifələri diqqətə çatdıraraq ekspertiza fəaliyyətinin keyfiyyətinin artırılması, akkreditasiya, elmi-tədqiqat və profilaktiki işlərin təkmilləşdirilməsi, icra intizamına və etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı və digər konkret tapşırıqlar verib.