IMAGE

Ədliyyə Nazirliyində Gənclər günü münasibətilə tədbir keçirilib

Ölkə Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar 2 fevral - Azərbaycan gəncləri günündə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında gənc ədliyyə işçiləri və könüllüləri ilə tədbir keçirilib.

Tədbirdə Nazirliyin İnsan resursları baş idarəsinin rəhbəri Rauf Məhərrəmov, İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova və Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov çıxış edərək ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin uğurla həyata keçirilərək ölkəmizdə müasir düşüncəli, dövlətçiliyə sadiq, vətənpərvər yeni nəsil formalaşdığını, müzəffər xalqın nümayəndələri kimi böyüyən gənclərin ictimai həyatın bütün sahələrində, dövlət idarəçiliyində fəallığının artdığını vurğulayıblar.

Bildirilib ki, dövlət siyasətinə uyğun olaraq ədliyyə orqanlarında gənclər geniş təmsil olunaraq işçilərin təxminən yarısını təşkil edir. Onların işlə təminatı daim diqqətdə saxlanılaraq şəffaf müsabiqə yolu ilə bu günədək 3.400-dən çox şəxs qulluğa qəbul olunub. Nazirliyin Müsabiqə Komissiyası tərəfindən keçirilən müsabiqələrdə uğur qazanan namizədlərin 70%-dən çoxu məhz gənclərdir. Onlar nazirliyin müxtəlif sahələrində uğurla fəaliyyət göstərərək püxtələşir, vəzifələrində yüksəlirlər. Çoxsaylı gənc ədliyyə işçilərinin irəli çəkilərək bu gün respublikamızda müxtəlif dövlət orqanlarında məsul və rəhbər vəzifələrdə çalışmaları məmnunluq doğurur.

Gənc əməkdaşların Vətən müharibəsində əsl vətənpərvərlik nümayiş etdirərək mərdliklə iştirakından və fədakarlığından bəhs olunaraq bu gün ədliyyə orqanlarında 138 nəfər Vətən müharibəsi veteranının çalışdığı qeyd olunub, habelə ədliyyə sistemində könüllülük institutunun geniş təşviqindən söz açılıb.

Tədbirə dəvət olunmuş İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov dövlət başçısı tərəfindən elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”nin iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib, bununla bağlı ölkəmizin bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini vurğulayıb.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair prioritetlərinə əsasən ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində aparılan işlərdən danışıb, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən söz açaraq keçirilən tədbirlərin bu məqsədlərə xidmət etdiyini söyləyib.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez