30-03-2013 | 04:02 912
Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində martın 30-da ağacəkmə kampaniyası keçirilmişdir.
Qeyd olunmalıdır ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində respublikamızda ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm vermiş, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunmuş, irimiqyaslı tədbirlər həyata keçirilmişdir. Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz real bəhrəsini verir. Dövlət başçısının təşəbbüsü ilə 2010-cu ilin ölkəmizdə "Ekologiya ili" elan edilməsi, habelə son dövrlər davamlı olaraq genişmiqyaslı ağacəkmə aksiyalarının keçirilməsi birbaşa ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir.
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına fəal qoşulmuş, ətraf mühitin yaşıllıq zonasına çevrilməsi, vətəndaşların sağlam həyatının təmin olunması məqsədilə Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Binəqədi, Suraxanı rayonlarında və Zabrat qəsəbəsində ədliyyə işçiləri tərəfindən qabaqcadan hazırlıq işləri görülərək yüzlərlə ağac əkilmiş, təmizlik və abadlıq işləri aparılmışdır.
Ağac əkinində Ədliyyə Nazirliyinin məsul şəxsləri, çoxsaylı ədliyyə işçiləri, xüsusilə gənclər yüksək fəallıq nümayiş etdirmişlər.
Tədbir media nümayəndələri tərəfindən geniş işıqlandırılmışdır.