IMAGE

Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş

İki yüz milyon insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən Türk dünyası ölkələri arasında səmərəli əməkdaşlıq qurularaq müxtəlif istiqamətlərdə, o cümlədən ədliyyə akademiyaları, hakimlər, prokurorlar, notariuslar, bələdiyyələr arasında vahid platformalar çərçivəsində qarşılıq fəaliyyət həyata keçirilir, səfərlər edilərək faydalı təcrübə mübadiləsi aparılır, digər sahələrdə əlaqələr genişləndirilir.

Ölkəmizdə səfərdə olan Türk Dünyası Mediatorlar Birliyinin sədri, Türkiyə Ədliyyə Nazirliyi Mediasiya departamentinin idarə heyətinin üzvü Yakup Erikel və başçılıq etdiyi nümayəndə heyəti Ədliyyə Nazirliyində olub. Nümayəndə heyətində birliyin üzvləri Hüseyin İlhan Yetişgin, Eda Günday, Saliha Sasa, Hatice İpek, Eda Günday və Serpil Akdeniz iştirak ediblər.

Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxsləri ilə keçirilmiş görüşdə ortaq tarixi köklərə bağlı olan, ölkələrimizi və xalqlarımızı birləşdirən Türk dünyası ölkələrinin bir-biri ilə sıx əməkdaşlığından məmnunluq ifadə olunub, Azərbaycanda ədliyyə və məhkəmə-hüquq sahəsində aparılan mütərəqqi islahatlar və yeniliklər barədə geniş məlumat verilib.

Mübahisələrin məhkəmədənkənar həllində mühüm vasitə olan mediasiyanın rolundan və fəaliyyətindən bəhs edilib, türk dövlətlərinin mediatorları arasında əlaqələrin qurulmasının əhəmiyyəti vurğulanaraq bu məqsədlə hazırkı səfərin yaxşı təcrübələrin mübadiləsi baxımından səmərəsi qeyd olunub.

Səmimi qəbula görə minnətdarlığını bildirən qonaq Ədliyyə Nazirliyinin Mediasiya Şurasının fəaliyyətinə dəstəyini, mediatorların hazırlanmasında Ədliyyə Akademiyasının rolunu məmnunluqla qarşılayıb, Mediatorlar Birliyinin türk dünyası ölkələri arasında mediasiya sahəsində səmərəli əməkdaşlığa və yaxşı təcrübələrin bölüşülməsinə töhfə verəcəyini bildirib.

Görüşdə Azərbaycan Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və üzvü Əli Nəbiyev, Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov, Ədliyyə xidmətləri baş idarəsinin rəisi İlqar Məmmədov, Beynəlxalq əlaqələr idarəsinin rəisi Adil Əbilov, İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova iştirak ediblər.

Qonaqlar nazirlikdə Ədliyyə tarixinə və Vətən müharibəsində Böyük Qələbəmizə həsr olunan Zəfər muzeyləri ilə tanış olublar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez