13-02-2024 | 17:15 217
Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə üzv və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması, onların hüquqi maarifləndirilməsi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən davamlı tədbirlər görülür.
Fevralın 13-də Bakı bələdiyyələrinin iştirakı ilə videoformatda keçirilmiş seminarda 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili”, habelə Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması, bununla bağlı ölkə Prezidentinin sərəncamlarından irəli gələn vəzifələrin icrası, bələdiyyələrin normativ xarakterli aktlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməsinin zəruriliyi ilə bağlı mövzular müzakirə edilib.
Seminarda mühüm hadisələrlə əlamətdar olan cari ildə keçiriləcək tədbirlər, o cümlədən yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi ölkəmizin BMT-nin COP29 kimi mötəbər tədbirinə ev sahibliyi etməsi, habelə işğaldan azad edildikdən sonra Şuşada və digər ərazilərdə aparılan yenidənqurma işləri barədə məlumat verilib, yerli səviyyədə təşkil olunacaq ədəbi-mədəni tədbirlər, maarifləndirici görüşlər zamanı dövlət başçısının sərəncamlar barədə yerli əhalinin məlumatlandırılması bələdiyyələrə tövsiyə edilib.
Eyni zamanda tədbirdə Hüquqi aktların Dövlət Reyestrinin mahiyyəti və əhəmiyyəti barədə danışılaraq bələdiyyə üzv və qulluqçularına bələdiyyələrin normativ xarakterli aktlarının hazırlanması, onların həmin reyestrə təqdim olunması ilə bağlı qanunvericiliyin tələbləri diqqətə çatdırılıb.
Sonda müzakirə olunan mövzular, o cümlədən bələdiyyələrin gündəlik fəaliyyətlərində rastlaşdıqları məsələlər barədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.