IMAGE

Məhkəmə ekspertizası mərkəzinin Elmi Şurasının ilk iclası keçirilib

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində cinayətkarlıqla mübarizədə mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyəti müasir çağırışlara uyğun təkmilləşdirilir, elm və texnikanın son nailiyyətlərinin, qabaqcıl beynəlxalq təcrübənin səmərəli tətbiqi, elmi və metodiki fəaliyyətin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür.

Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin fəaliyyət istiqamətlərindən olan elmi-tədqiqat işinin yeni tendensiyalara uyğun səmərəliliyinin artırılması, məhkəmə və hüquq-mühafizə orqanlarına elmi-metodiki köməkliyin gücləndirilməsi məqsədilə Mərkəzin Elmi Şurasının yeni tərkibi formalaşdırılıb.

Fevralın 14-də Elmi Şuranın ilk iclasında çıxış edən Məhkəmə ekspertizası mərkəzinin rəisi Elçin Qasımov son dövrdə Mərkəzin fəaliyyətinin müasirləşdirilməsi üzrə görülən tədbirlərdən danışıb, elmi tədqiqatlar sahəsində qarşıda duran vəzifələr və strateji prioritetlər barədə məlumat verib, ekspertiza fəaliyyətində elmi nailiyyətlərin tətbiqinin əhəmiyyətini və yeni nəsil gənc alimlərin formalaşmasında Mərkəzin rolunu qeyd edib.

Elmi Şurada təmsil olunan ölkəmizin tanınmış hüquqşünas alimləri Mərkəzdə elmi fəaliyyətin canlandırılması, elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi və məhkəmə-istintaq orqanlarına metodiki yardımın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıb, təkliflər irəli sürüblər.

İclasda bir sıra doktorant və dissertantların elmi işlərinin mövzuları müzakirə olunaraq təsdiq edilib, Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış “Məhkəmə-portret ekspertizasının nəzəri və elmi-metodiki əsasları” və “Məhkəmə tikinti-texniki ekspertizasının nəzəri və metodoloji əsasları” adlı metodik vəsaitlər təqdim olunub. Həmin sənədlərin verilmiş təkliflər nəzərə alınmaqla təkmilləşdirilməsi və çap edilməsi tövsiyə edilib, onların əsasında dərs vəsaitlərinin hazırlanması məqsədəuyğun hesab olunub.

Şurada həmçinin, Mərkəzin ötən əsrin 60-cı illərindən çap olunan və geniş oxucu kütləsinə malik olan “Məhkəmə ekspertizası, kriminalistika və krimonologiyanın aktual məsələləri” elmi əsərlər məcmuəsinin yeni redaksiya heyətinin tərkibi müzakirə edilib, bu elmi nəşrin sanballığı və yeni çağırışlara uyğun dərcinə dair təkliflər verilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez