24-02-2024 | 12:25 356
Fevralın 23-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib.
Məruzəni diqqətə çatdıran ədliyyə nazirinin müavini Vilayət Zahirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti sayəsində ötən il ölkəmizin yeni zəfərlərlə, böyük uğur və nailiyyətlərlə yaddaşlarda iz qoyduğunu, dövlət başçısı tərəfindən “Heydər Əliyev İli” elan edilərək Ulu Öndərin 100 illik yubileyinin respublikamızda və onun hüdudlarından kənarda geniş qeyd olunduğunu vurğulayıb. Bildirib ki, il ərzində Ümummilli Liderin dühası mövzularında konfranslar, yığıncaqlar, Heydər Əliyev Mərkəzi ilə tanışlıq, kitab sərgiləri, ictimai dinləmələr, “açıq qapı” günləri və ictimaiyyətlə, gənclərlə maarifləndirici görüşlər təşkil olunub. Bələdiyyələr tərəfindən də bu münasibətlə yüzlərlə müxtəlif səpkili tədbirlər həyata keçirilib.
2023-cü il həm də dövlət başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ilinin tamam olması, lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi, Xankəndi şəhərində və digər ərazilərimizdə üçrəngli bayrağımızın ucaldılması, məcburi köçkünlərimizin Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq öz dədə-baba yurdlarına qayıdışı və digər mühüm tədbirlərlə əlamətdar olub.
Cari ilin fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin Azərbaycan Respublikasının müstəqilliyi tarixində ilk dəfə ölkəmizin bütün ərazisini əhatə etməsi, öz doğma yurduna qayıdan minlərlə vətəndaşımızın həmin ərazilərdə səs verməsi böyük qürur və iftixar hissi doğurub.
Nazir müavini dövlət başçısının 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nda ölkəmizdə yerli özünüidarəetmə sisteminin müasir innovativ cəmiyyətin tələblərinə uyğunlaşdırılması məqsədilə tapşırıqlarının icrası istiqamətində görülən tədbirlərə toxunub.
Diqqətə çatdırıb ki, ötən il inzibati nəzarət orqanına hüquqi ekspertiza üçün təqdim olunan bələdiyyə aktlarının sayı ilk dəfə olaraq 100 mini keçib, 96.363 (96%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Ümumilikdə inzibati nəzarət icraatı zamanı qanunvericiliyin tələblərinə zidd olan 3800-dən çox aktla bağlı bələdiyyələrə təkliflər verilib, 2405-i ləğv edilib, 1098-i dəyişdirilib, təmin olunmayan 37 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb. Verilmiş təklif və ya məhkəmə iddiaları əsasında 14 min hektardan çox torpaq sahəsinin (o cümlədən 8405 ha örüş sahəsi) bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib ki,bu da 2022-ci illə müqayisədə 1195 ha çoxdur.
Bələdiyyə fəaliyyəti ilə bağlı baxılmış 4487 müraciətdən 455-i, o cümlədən xüsusi nəzarətdə saxlanılan şəhid ailə üzvlərinin, müharibə iştirakçılarının 369 müraciətindən isə 189-u, başqa sözlə yarıdan çoxu təmin edilib.
2023-cü ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən bələdiyyələrin 63 vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib. İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 30 halda ciddi qanun pozuntuları ilə bağlı toplanmış materiallar aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan artıq 15-i üzrə cinayət işi başlanılıb.
Həmçinin məlumat verilib ki, görülmüş tədbirlər nəticəsində 2022-ci ildə 2020-ci illə müqayisədə yerli büdcə gəlirləri 12,4 milyon manat (35%), o cümlədən yerli vergilərdən daxilolmalar 6 milyon manat (43%) artaraq bələdiyyələrin gəlirləri 47,4 milyon manat səviyyəsinə yüksəlib. 2023-cü ildə də yerli büdcə gəlirlərinin artımı davam edib.
Torpaq icarə haqlarından əvvəlki illər üzrə yaranmış debitor borcların 2.6 milyon manatının ödətdirilməsi təmin edilib. Bələdiyyələrin pul tələbinə dair inzibati aktlarının icra məmurları tərəfindən icrası nəticəsində yerli büdcəyə 1.4 milyon manat vəsait ödənilib.
Yerli vergi ödəyicilərinin uçotunun dəqiq aparılması, kənarda qalan vergi obyektlərinin vergiyə cəlb edilməsi ilə bağlı son 3 ildə 900 minə yaxın vergitutma obyekti Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə (BAMS) daxil edilib. Bələdiyyələrdə vergi uçotunun tam və dəqiq qurulması məqsədilə zəruri məlumatların Əmlak Məsələləri Dövlət Xidmətindən operativ əldə olunması üçün BAMS-ın Xidmətin elektron bazasına inteqrasiyası üzrə işlər ötən ilin noyabr ayında başa çatdırılıb. Dərhal bələdiyyələrlə davamlı müvafiq hüquqi maarifləndirmə və metodoloji iş aparılıb. Ötən il ərzində BAMS-da uçota alınmış 250 min vergitutma obyektinin məhz 55000-i dekabr ayında uçota götürülüb.
2023-cü ildə Ədliyyə Nazirliyinin tövsiyəsi və metodiki köməkliyi ilə bir sıra bələdiyyələr tərəfindən yerli əhalinin rifahı naminə görülən işlər barədə broşürlər hazırlanaraq çap edilmiş və həmin bələdiyyələrin ərazisi üzrə vətəndaşlara paylanılmışdır.
V.Zahirov ötən il ərzində ümumilikdə 289 maarifçilik tədbirinin həyata keçirildiyini, bu tədbirlərdə 9 min nəfərə yaxın bələdiyyə nümayəndəsinin (əvvəlki ildən 57% çox) iştirak etdiyini söyləyib. Bildirib ki, bələdiyyələrə həmçinin, müxtəlif məsələləri əhatə edən 12.224 tövsiyə göndərilib.
İl ərzində bələdiyyələrin milli assosiasiyaları ilə qarşılıqlı əlaqələr gücləndirilib, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqətdə saxlanılaraq bir sıra tədbirlər keçirilib.
Sonra parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məsələ ilə bağlı komitənin rəyini təqdim edib. Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədri Fazil Mustafa, deputatlar Vahid Əhmədov, Əli Məsimli, Vüqar Bayramov çıxış edib, fikir və qeydlərini səsləndiriblər.
İclasda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzə nəzərə alınıb.