26-02-2024 | 17:30 511
Bəşər tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil olmuş 26 fevral – Xocalı soyqırımının otuz ikinci ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi soyqırımı qurbanlarının xatirəsinə Bakı şəhərində ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər.
Nazirlikdə və struktur qurumlarda keçirilən anım mərasimlərində xalqımıza qarşı əsrlər boyu etnik təmizləmə siyasəti həyata keçirən erməni qəsbkarlarının törətdikləri və xüsusi amansızlığı ilə seçilən soyqırımına ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi bildirilib.
Ölkə Prezidenti İlham Əliyevin soyqırımını törədənlərin ifşa olunması və əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, faciəyə obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atdığı, bu istiqamətdə respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun mühüm fəaliyyəti, o cümlədən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti qeyd olunub.
Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi, eləcə də antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad edilərək ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub, Xocalı şəhəri separatçılardan təmizlənərək orada üçrəngli bayrağımız vüqarla dalğalanır.
Yığıncaqlarda dövlət başçısı tərəfindən Xocalı şəhərində soyqırımı memorialının təməlinin qoyulduğu xüsusi qeyd olunub, onların ruhlarının xalqımız tərəfindən daim uca tutulduğu bildirilib.
Ədliyyə işçiləri soyqırımı qurbanlarının əziz xatirəsini əbədi ehtiram əlaməti olaraq saat 17:00-da bir dəqiqəlik sükutla yad ediblər. Nazirlikdə Xocalı faciəsindən bəhs edən filmlər, foto-slaydlar nümayiş etdirilib, sosial şəbəkə hesablarında məlumatlar paylaşılıb.