11-03-2024 | 15:50 504
Hüquqi sahədə qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ədliyyə nazirlikləri arasında ilk məsləhətləşmə keçirilib.
Əbu-Dabi şəhərində səfərdə olmuş Azərbaycan Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilovun həmkarı Abdula Rahman Murad Al Balushi ilə görüşündə hüquqi sahədə qarşılıqlı əlaqələrin yeni mərhələyə çatdırılması, ədliyyə sistemində informasiya texnologiyalarının və süni-intellektin tətbiqində təcrübə mübadiləsinin aparılması, hüquqi yardım sənədlərinin icrasında birbaşa əlaqələrin qurulması, ekstradisiya sahəsində qarşılıqlı fəaliyyətin artırılması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və bir sıra digər mövzular müzakirə edilib.
Həmçinin məsləhətləşmələr zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi üçün nazirliklər arasında 2006-ci ildə imzalanmış Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə hazırlanmış Əməkdaşlıq Proqramı layihəsi razılaşdırılıb, ədliyyə nazirlərinin və digər mütəxəssislərin qarşılıqlı səfərləri üçün razılıq əldə edilib.
Görüşdə ölkəmizin BƏƏ-dəki səfirinin müavini Leyla Süleymanova və konsul Orxan İsmayılov iştirak ediblər.