Ədliyyə Nazirliyində görüş

Ölkəmizdə səfərdə olan Ukrayna Ali Məhkəməsinin sədr müavini Valentin Barbara və onun başçılıq etdiyi nümayəndə heyəti aprelin 9-da Ədliyyə Nazirliyində olmuşdur.

Qonaqlarla görüşmüş nazir müavini Azər Cəfərov Azərbaycan və Ukrayna arasında dostluq və tərəfdaşlıq münasibətlərini qeyd edərək bu əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi rolunu vurğulamış, ölkələrimizin həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar daxilində səmərəli əməkdaşlıq etdiyini bildirmişdir. A.Cəfərov Ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin hüquqi əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə olduğunu söyləmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan genişmiqyaslı islahatlar, o cümlədən yeni məhkəmələrin yaradılması, hakimlərin sayının artırılması, müddətsiz təyinatı, onların ən şəffaf prosedurlarla çoxmərhələli seçimi qonaqların marağına səbəb olmuş, son illər məhkəmə infrastrukuturunun müasirləşdirilməsi üzrə qazanılmış nailiyyətlər məmnunluqla qarşılanmışdır.

V.Barbara ölkəsinin məhkəmə sistemi barədə məlumat verərək təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini vurğulamış, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə dair faydalı fikir mübadiləsi aparılmışdır.

Görüşdə əməkdaşlığın prioritetləri, o cümlədən inzibati ədliyyə, hakimlərin tədrisi, Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin fəaliyyəti və digər məsələlər müzakirə olunmuş, qarşılıqlı maraq doğuran suallara aydınlıq gətirilmişdir.

Nümayəndə heyəti nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez