IMAGE

Bələdiyyələrin hüquqi maarifləndirilməsi diqqət mərkəzindədir

Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin hüquqi maarifləndirilməsi və onlara fəaliyyətlərinin qanunauyğun qurulmasına metodoloji köməklik göstərilməsi üzrə tədbirlər davam etdirilir.

Aprelin 2-3-də nazirliyin Bələdiyyələrlə İş Mərkəzində Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin sədrlərinin iştirakı ilə seminar-müşavirələr keçirilib.

Çıxış edən Mərkəzin rəisi Rəhman Məmmədov ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunmuş 2024-cü il “Yaşıl dünya naminə həmrəyliyi ili” çərçivəsində Mərkəz və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən bələdiyyə üzv və qulluqçularının iştirakı ilə geniş ağacəkmə aksiyalarının və digər ekoloji tədbirlərin təşkil olunmasının əhəmiyyətinə toxunub, bununla bağlı bütün bələdiyyələrə müvafiq tövsiyə göndərildiyini xatırladıb.

Həmçinin cari ildə bələdiyyələrin yaradılmasının 25 ilinin tamam olması ilə bağlı nazirlik tərəfindən geniş tədbirlər müəyyən edilərək onların həyata keçirilməsi ilə bağlı Bələdiyyələrin Milli Assosiasiyalarına və bələdiyyələrə tövsiyələr verilib.

Müşavirələrdə yerli büdcə gəlirlərinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticələrinə toxunularaq, bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması həlli yolları barədə ətraflı müzakirə aparılıb.

Qeyd olunub ki, 2023-cü ildə ölkə üzrə bələdiyyələrin ümumi büdcə gəlirləri 54,5 milyon manat olmuşdur, bu da əvvəlki illə müqayisədə 7,1 milyon manat (15%) çoxdur.

Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələr üzrə isə ötən il ümumi büdcə gəlirləri 16,6 milyon manat (əvvəlki illə müqayisədə 2,3 milyon manat (16%) çox), yerli vergilərdən daxil olmalar isə 11,9 milyon manat (əvvəlki illə müqayisədə 1,3 milyon manat (12%çox)) olub.

Bakı bələdiyyələri üzrə son üç ildə (2021-2023-cü illər) ümumi büdcə gəlirləri 7,6 milyon manat (84%), o cümlədən yerli vergilərdən daxil olmalar 5,8 milyon manat (95%) artıb.

Həmçinin dəqiq və tam vergi uçotunun qurulmasının başa çatdırılması, debitor borcların həlli, vergi ödəyiciləri ilə vergilərin ödənilməsinin zəruriliyi barədə izah işi aparılması, borclu şəxslərlə bağlı pul tələbinə dair inzibati aktların qəbulu və məcburi icraya yönəldilməsi tədbirlərinin gücləndirilməsinin zəruriliyi iştirakçıların diqqətinə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.

Tədbirlərdə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının sədrləri və nümayəndələri, “Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi”nin direktoru və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri iştirak ediblər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez