08-05-2024 | 19:00 436
Müasir Azərbaycan gəncliyinin hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin təməlini qoyduğu dövlət gənclər siyasəti ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək gənclərin ictimai-siyasi həyatda fəallığı, təşəbbüskarlığı, dövlət idarəçiliyində təmsilçiliyi və rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib, könüllülük hərəkatı geniş vüsət alıb.
İstedadlı gənclərin dəstəklənməsi, onların innovativ potensiallarının və bacarıqlarının üzə çıxarılması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Ədliyyə Nazirliyi tərəfindən gənclərə peşə vərdişləri aşılanmasına, onların ədliyyə sistemində təcrübə keçmələrinə daim diqqət yetirilir, könüllü fəaliyyət geniş təşviq olunur. Ötən dövrdə yüzlərlə gənc ədliyyə sistemində könüllü fəaliyyətə cəlb edilib və onların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə "Ədliyyə Könüllüləri" İctimai Birliyi təsis olunub. Eyni zamanda bu sahədə ölkəmizin ali təhsil müəssisələri və tələbə-gənclər təşkilatları ilə səmərəli əlaqələr qurulub.
Bu tədbirlər çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində, mayın 8-də Ədliyyə Nazirliyi və “Femida könüllüləri” Təşkilatı İctimai Birliyi arasında ədliyyə sahəsində könüllülük fəaliyyətinin təşkili haqqında Memorandum imzalanıb.
Memorandumun məqsədi ədliyyə sistemində gənclərin iştirakçılığını və təcrübə keçmələrini təşkil etmək, işləməyə həvəslərini artırmaq, onların yaradıcı və innovativ potensialını üzə çıxarmaq, işə qəbulunu təşviq etmək, vətəndaşlar arasında hüquqi maarifləndirmə işinə dəstək göstərməkdir.
İmzalanma mərasimində ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatının əhəmiyyətindən, gənclərin dövlət idarəçiliyində fəal iştirakından bəhs olunub, Memorandumun könüllü fəaliyyət sahəsində faydalı əməkdaşlığa və gənclərin ədliyyə sistemi ilə yaxından tanış olaraq fərdi inkişaflarının və məşğulluqlarının təmin edilməsinə töhfə verəcəyi bildirilib.